22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Alimlər: Siklonların güclənməsi dəniz quşlarının tələf olması ilə nəticələnəcək

07-06-2024
IMG

Ekoloqlar və klimatoloqlar Avstraliya sahillərində qlobal istiləşmə nəticəsində siklonların tezliyinin artması və güclənməsinin sahilyanı ərazilərdə yuva quran dəniz quşlarının sayının kəskin azalmasına səbəb olacağına dair sübutlar aşkar ediblər.

Fhnews.az “Communications Earth & Environment” jurnalında dərc olunan məqaləyə istinadla xəbər verir ki, 2023-cü ilin aprelində “İlsa” siklonu Avstraliyanın qərb sahillərindəki Bedout adasından keçdikdə, burada bütün bitki örtüyü məhv olub. Müşahidələr göstərib ki, bu təbii fəlakət nəticəsində freqat quşlarının populyasiyasının 80-90 faizi də tələf olub. Bu, deməyə əsas verir ki, qlobal istiləşmə ilə əlaqədar siklonların belə tezliyi və intensivləşməsi bir çox dəniz quşları populyasiyasının sağ qalma şansını xeyli azaldacaq.

Bu qənaətə Çarlz Stuart Universitetinin tədqiqatçısı Cennifer Laversin rəhbərlik etdiyi bir qrup avstraliyalı və britaniyalı klimatoloq güclü tropik “İlsa” siklonunun Avstraliyanın qərb sahilinə bitişik Hind okeanının şərq rayonlarından keçməsinin nəticələrini öyrənərkən gəlib. Bu siklon səkkiz indoneziyalı balıqçının həyatına son qoyub, həmçinin regionun bir neçə ölkəsinin infrastrukturuna ciddi ziyan vurub.

Alimlər qrupu “İlza” siklonunun hərəkət marşrutunda yerləşən Bedout adasının flora və faunasının bu zərbəyə nə dərəcədə tab gətirməsi ilə maraqlanıb. Bu cür məlumatları əldə etmək üçün klimatoloqlar 2023-cü ilin aprelində fəlakətdən əvvəl adada fəal şəkildə yuva quran quşların sağ qalan populyasiyalarının sayını müəyyən etmək üçün bir neçə ekspedisiya təşkil ediblər. Onlar ilk səfərlərdə əvvəllər Bedoutda yuva qurmuş bir canlı quş da tapmayıblar. Sonrakı ekspedisiyalar zamanı tədqiqatçılar hər iki növün yalnız az sayda cütlərini, habelə alimlərin fikrincə, ümumi sayı 20 mindən çox olan ölü quş cəsədlərini aşkar ediblər. Məlum olub ki, quşların populyasiyası 5-10 dəfə azalıb və bu, Avstraliyanın qərbində hərəkət edən əvvəlki iki tropik siklon – “Corc” və “Stan” tərəfindən vurulan zərəri daha da artırır. Ekoloqların fikrincə, Bedout adasının nümunəsi göstərir ki, qlobal istiləşmə nəticəsində belə fəlakətlərin tezliyinin artması və intensivləşməsi bütün dünyada çoxlu sayda tropik dəniz quşlarının populyasiyalarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.

Paylaş: