Alimlər Marsı isitmək üçün yeni metod təklif edirlər
Marsın insanların yaşayışı üçün əlverişli bir planetə çevrilməsi ideyası elmi fantastikanın daimi mövzusudur. Bəs real həyatda bunu etmək olarmı?
Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, alimlər indi kommersiya baxımından mövcud olan parıltıya bənzəyən və dəmir və ya alüminiumdan hazırlanmış mühəndis hissəciklərini aerozollar kimi atmosferə vuraraq yaranan istiliyi tutmaq və günəş işığını Marsın səthinə yönəltmək məqsədilə Yerin planetar qonşusunu isitməyin yeni metodunu təklif edirlər. İdeya müəllifləri 10 il ərzində Marsın səthinin temperaturunu təxminən 28 dərəcə Selsi artırmaq üçün təbii istixana effektini artırmağı nəzərdə tuturlar.
Astronomlar hesab edirlər ki, bu, Marsı insanların yaşayışı üçün əlverişli planetə çevirmək istiqamətində atılan ilk addım ola bilər.
“Science Advances” jurnalında dərc olunan araşdırmaya rəhbərlik edən Çikaqo Universitetinin astronomu Edvin Kayt bildirib: “Terraformasiya bir planetin ətraf mühitinin Yerə bənzəməsi üçün onun dəyişdirilməsini nəzərdə tutur. Marsın istiləşməsi zəruri, lakin qeyri-kafi olan ilk addımdır. Əvvəlki konsepsiyalar istixana qazlarının buraxılmasına yönəlmişdi, lakin bu, böyük miqdarda resurs tələb edir. Tədqiqatımızın əsas elementləri Marsın atmosferini isitmək üçün dizayn edilmiş nanohissəciklərin istifadəsinə dair yeni təklifdir və iqlim modelləşdirməsi bu yanaşmanın əvvəlki konsepsiyalardan daha səmərəli ola biləcəyini göstərir”.
NASA Marsın səthini araşdırmaq üçün robot-roverlər və planetin daxilini öyrənmək məqsədilə “InSight Lander” zondunu göndərib. ABŞ Kosmik Agentliyinin “Artemis” proqramının məqsədi də Marsa gələcək potensial insan missiyalarına hazırlıq çərçivəsində 1972-ci ildən bəri ilk dəfə olaraq astronavtları Ayın səthinə çıxarmaqdır.
Mars səthinin orta temperaturu təqribən mənfi 65 dərəcə Selsidir. Zəif atmosferin olması səbəbindən Qırmızı planetin səthindəki günəş istiliyi asanlıqla kosmosa yayılır. Təklifin məqsədi qütb bölgələrində və yerin altında buz şəklində olan Marsın səthindəki maye suyun mövcud olmasına şərait yaratmaqdır. Alimlər saniyədə 30 litr həcmində yayılan kiçik çubuqşəkilli hissəciklərin - nanorodların davamlı olaraq Qırmızı planetə buraxılmasını təklif edirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...