22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi təşkil edilib

27-02-2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin əl işləri “Upcycle Twenty by Sabina Zulalova” layihəsinin təqdimatı tədbirində nümayiş olunub.

Fhnews.az xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə Əlilliyi olan şəxslərin Peşə-Əmək reabilitasiyası Mərkəzinin yetirməsi olan 10 müəllifin 5 istiqamət üzrə 400-ə yaxın əl işinin nümayişi və satışı təşkil edilib.

Azərbaycan Milli Xalça Muzeyində keçirilən tədbirdə qeyd olunub ki, layihə “Qurama” sənətinin elementlərini əks etdirən “Swan-maiden” moda evinin 20-ci ildönümü ilə bağlı ətraf mühitin qorunması və əlilliyi olan insanlara dəstək mövzusunu əhatə edir.

Qeyd edək ki, mərkəzdə peşə kursu keçən şəxslərə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ustadları tərəfindən “Qurama” milli sənətinin öyrənilməsi üzrə iki aylıq kurs başa çatıb. Əlilliyi olan gənclərin əldə etdikləri biliklərə əsasən hazırladıqları milli geyimlər və çantalar podiumda nümayiş etdirilib və hədiyyələrlə mükafatlandırılıblar.

Mərkəzdə peşə öyrənən 5 gəncə Skillwill neo-universiteti tərəfindən IT üzrə 7 aylıq təlim keçmək üçün sertifikatlar təqdim edilib, onlardan 4-ü Vətən müharibəsi əlilidir.

Paylaş: