Ali Məhkəmə ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı qanunvericiliyin tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair məlumat yayıb
Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması vəzifəsinin icrası istiqamətində görülən işlərin davamı olaraq Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə növbəti dəfə müraciət edilməsi qərara alınmışdır.
Fhnews.az Məhkəmənin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda Ali Məhkəmənin Mülki kollegiyasının icraatında əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqini zəruri edən “paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması” tələbinə dair mülki iş vardır.
Mülki işin halları ilə müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətlərində olan daşınmaz əmlakın paylara uyğun naturada bölünməsi mümkün olmadığından, iddiaçı həmin əmlakın açıq hərracdan satılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmuş, əmlakın satış qiyməti müəyyən olunmaqla, onun hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin tərəflərin paylarına mütənasib surətdə aralarında bölünməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İşə kassasiya qaydasında baxılarkən mübahisəli məsələyə münasibətdə Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunmuşdur.
Belə ki, Ali Məhkəmənin Mülki kollegiyasının bir sıra məhkəmə tərkibləri əvvəllər oxşar mübahisələr üzrə qəbul etdiyi qərarlarında paylı mülkiyyətdə olan əmlakların hərracdan satılması tələblərinə baxarkən bu əmlakın satış qiymətinin məhkəmə mübahisəsinin predmeti olmamasını, iddianın hüquqi əsası olan Mülki Məcəllənin 220-ci maddəsində əmlakın dəyərinin müəyyən edilməsinin məhkəmənin vəzifəsi kimi göstərilməməsini əsas gətirməklə, əmlakın açıq hərracdakı ilkin satış qiymətinin “İcra haqqında” Qanuna əsasən icra hərəkətləri həyata keçirilərkən müəyyən edilməli olmasını göstərmişlər.
Məsələ ilə bağlı digər mövqe isə ondan ibarətdir ki, Mülki Məcəllənin 220-ci maddəsində ümumi paylı mülkiyyətdə olan əşyanın məhkəmə qərarı əsasında açıq hərracdan satılması üçün əmlakın hərracdakı dəyərinin hansı qaydada müəyyən edilməli olmasının bilavasitə tənzimlənməməsi, əşyanın qiymətinin məhkəmə araşdırmasının predmetini təşkil etməməsi kimi qiymətləndirilməməlidir.
Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına görə məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsində paylı mülkiyyətdə payının ayrılmasını istəyən şəxsə payının dəyərinin (pul kompensasiyasının) ödənilməsinin qeyri-mümkünlüyünün müəyyənləşdirilməsi zəruri mərhələ kimi göstərilmişdir. Bu mərhələ, həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də, qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəldilmişdir. Belə ki, bu mərhələ bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən qalan mülkiyyətçilərə mülkiyyətlərini saxlamaq imkanı verir.
Göstərilənlərə əsasən, Mülki Məcəllənin 220-ci maddəsində paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı iddialara baxılarkən ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin və əmlakın hərracdakı ilkin satış qiymətinin müəyyən edilməsi nəzərdə tutulmasa da, bu halların araşdırılmaması mülkiyyətçilərin mülkiyyət hüquqlarının əsassız olaraq pozulmasına və ya məhdudlaşdırılmasına səbəb ola bilər.
Bununla belə, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 221-ci maddəsində əmlakın bölgüsü nəticəsində mülkiyyətçilərin ümumi paylı mülkiyyət hüquqlarına açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılması yolu ilə xitam verilməsi nəzərdə tutulsa da, payçıların bir birindən kompensasiya almaq hüquqları təsbit olunmamışdır.
Odur ki, Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı fərqli hüquqi yanaşmaların mövcud olduğu nəzərə alınaraq, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.
Müzakirəyə çıxarılacaq məsələlər aşağıdakılardan ibarətdir:
Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2024-cü ilin sentyabr ayının 1-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir.
Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə ([email protected]) göndərilməlidir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...