22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Akademik Rasim Əliquliyev: “Qlobal texnoloji çağırışlar ölkəmizdə kiberdayanıqlıq problemlərinə məsuliyyətlə yanaşmağı zəruri edir”

27-05-2024
IMG

AMEA-nın vitse-prezidenti İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Bakıda keçirilən “İnsansız sistemlər: süni intellekt, dizayn və səmərəlilik üzrə beynəlxalq simpozium”da (International Symposium on Unmanned Systems: Artificial Intelligence, Design & Effeciency - ISUDEF24) çıxış edib.

Fhnews.az science.gov.az saytına istinadla xəbər verir ki, akademik Rasim Əliquliyev tədbirdə “Əşyaların İnterneti əsasında qurulan kiber-fiziki sistemlərin kiberdayanıqlığı problemləri və onların həllinə dair bəzi yanaşmalar” mövzusunda məruzə edib. Alim sənaye inqilabı texnologiyaları, Əşyaların İnterneti, kiber-fiziki sistemlər, süni intellektin yaratdığı imkanlar və risklər, kibertəhlükəsizlik, kiberdayanıqlıq problemləri, rəqəmsal və yaşıl transformasiyalar, yeni nəsil vətəndaşların və mütəxəssislərin yetişdirilməsinin müasir dövrün qlobal sosio-texnoloji çağırışlarının əsas lokomotivlərindən olduğunu bildirib.

O, Dördüncü Sənaye İnqilabının təzahürlərindən biri olan kiberdayanıqlıq problemlərinin Əşyaların İnterneti texnologiyalarının yaranması ilə daha da vüsət aldığını qeyd edib, kiberdayanıqlığın tərkib hissəsi kimi kibertəhlükəsizlik məsələlərinin həllinə önəmli yer ayrılmasının vacib olduğunu söyləyib.

Son illər Azərbaycanda sosial-iqtisadi inkişafa nail olunması üçün aparılan kompleks tədbirlərin tərkib hissəsi olaraq, ölkə rəhbərliyi tərəfindən informasiya təhlükəsizliyi məsələlərinə də böyük diqqət ayrıldığını deyən akademik R.Əliquliyev bu istiqamətdə həyata keçirilən vacib tədbirləri diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üzrə strategiya”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında”, Azərbaycan Respublikasının Prezidentinin fərmanı” kimi dövlət əhəmiyyətli sənədlərin icrasının kiberdayanıqlıq problemlərinin həlli baxımından önəmini qeyd edib. Alim ölkəmizdə xüsusən İkinci Qarabağ müharibəsindən sonra geniş şəkildə həyata keçirilən “smart” yaşayış yerləri və infrastrukturlar, rəqəmsal və yaşıl transformasiyalar şəraitində icra olunan nəqliyyat, enerji və s. ilə bağlı strateji layihələrin önəmini vurğulayıb.

Akademik süni intellekt əsaslı alqoritmlərin destruktiv fəaliyyəti və davranışı nəticəsində meydana gələn kibertəhlükələr, kiber-fiziki sistemlərdə istifadə olunan proqram məhsullarının mühəndisliyi, əks-mühəndisliyi texnologiyalarının tətbiqinə lazımi diqqətin ayrılmaması və s. səbəblərdən ziyanlı kodların mövcudluğu riskləri, kiber-fiziki sistemlərin enerji təminatı və istehlakı rejimlərini pozmaq, eləcə də DoS-hücumlarla yanaşı, sistemə xas olan digər növ xidmətlərdən imtina effektini yaratmaq cəhdləri və s. kimi təhlükələr və risklər haqqında məlumat verib.

Alimin sözlərinə görə, kompüter və proqram sistemlərinə olan ənənəvi kibertəhlükələr, kiber-fiziki sistemlərdə idarə olunması, istismarı, xidmət göstərilməsi işlərinə cəlb olunmuş işçilərin qeyri-peşəkarlığı, keyfiyyətsiz kadr seçimi, attestasiyası, o cümlədən Əşyaların İnterneti əsaslı kiber-fiziki sistemlərin yaradılması, menecmenti və s. sahələrdə beynəlxalq və milli standartların tələblərinə əməl olunmaması,  müntəzəm auditlərin keçirilməməsi və s. bu problemləri daha da aktuallaşdırıb.

“Süni intellekt əsaslı texnologiyaların, o cümlədən kiber-fiziki sistemlərin yaradılması, istismarı və istifadədən çıxarılması sahəsində normativ-hüquqi bazanın mövcud olmaması və ya zəif olması müxtəlif kibertəhlükələrin və risklərin yaranması üçün münbit şərait yaradır”, - deyə akademik Rasim Əliquliyev  qeyd edib.

O, kiberdayanıqlıq sahəsində beynəlxalq təcrübədən də bəhs edərək dünyanın müxtəlif ölkələrində Əşyaların İnterneti əsaslı kiber-fiziki sistemlərə olan hücumlar, o cümlədən kiberdayanıqlıq problemlərinə dair keçirilmiş nüfuzlu konfranslar, beynəlxalq standart və tövsiyələr haqqında məlumat verib.

Akademik R.Əliquliyev uzun illərdir ki, İnformasiya Texnologiyaları İnstitutunda kiberdayanıqlıq problemlərinin ən müxtəlif aspektlərinin tədqiq olunduğunu vurğulayıb. Alim institutda kiber-fiziki sistemlərə olan təhlükə və risklərin aşkarlanması, identifikasiyası, taksonomiyası və proqnozlaşdırılması üçün modelin işlənilməsi, pilotsuz uçuş aparatlarının proqram sistemlərdə ziyanlı kodların aşkarlanması və onların aradan qaldırılması metodlarının işlənilməsi, kiber-fiziki sistemlərdə Big Data mənşəli DoS effektinin aradan qaldırılması üçün paralel metod  və alqoritmlərin işlənilməsi, süni immun texnologiyaları əsasında kiber-fiziki sistemlərin kiberimmunitetinin yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi, o cümlədən onlayn sosial-iqtisadi sistemlərin kiberdayanıqlığının təmin olunmasının konseptual-texnoloji əsaslarının işlənməsi və digər istiqamətlərdə tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Akademik R.Əliquliyev həmçinin institutun alim və mütəxəssisləri tərəfindən kiber-fiziki sistem komponentlərinin funksional boşluqların kritikliyini qiymətləndirmək üçün yanaşmanın işlənildiyini, dərin hibrid modeldən istifadə etməklə neft avadanlığının nasazlıqlarının intellektual diaqnostikasının aparıldığını, pilotsuz uçuş aparatlarına GPS saxtakarlığı hücumlarını aşkar etmək üçün üsulun təklif edildiyini, iyerarxik Gizli Markov Modeli əsasında sənaye idarəetmə sistemində anomaliyaların aşkarlanması üçün tədqiqatların aparıldığını, o cümlədən spektroqram analizi əsasında pilotsuz uçan aparatların aşkarlanması üçün neyron şəbəkə modellərinin hazırlandığını qeyd edərək, bu yanaşmaların eksperimentlərdə yüksək effektivlik göstərdiyini vurğulayıb.

Baş direktor institut tərəfindən “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazalarda kiberdayanıqlıq sahəsində 500-ə yaxın elmi əsərin dərc olunduğunu və bu əsərlərə 2000-dən çox istinadın qeydə alındığını bildirib. İnstitutda kibertəhlükəsizlik və kiberdayanıqlıq sahəsində elmlər və fəlsəfə doktorluğu, eləcə də magistr hazırlığı həyata keçirilməklə yüksəkixtisaslı kadrların yetişdirildiyini nəzərə çatdırıb.

Akademik ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Elm Fondu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kiberdayanıqlıq sahəsində elmi araşdırmalara dəstək verən qurumlardan olduğunu diqqətə çatdırıb. O, Avropa Komissiyasının “EaPConnect2” və “Horizon Europe” proqramı çərçivəsində “GEANT GN5-1” layihəsi haqqında da məlumat verərək, bu layihələrin ölkəmizdə kiberdayanıqlıq problemlərinin tədqiqi baxımından önəmindən danışıb.

Akademik R.Əliquliyev çıxışının sonunda kiberdayanıqlıq sahəsində mövcud olan elmi-nəzəri və praktiki prioritetlərin əhəmiyyətinə toxunaraq, maraqlı qurumların bu sahədə tədqiqatların aparılmasına dəstək verilməsinin,  kiberdayanıqlıq sahəsində mövcud olan beynəlxalq standartların ölkəmizdə milliləşdirilməsi və tətbiqi istiqamətində zəruri tədbirlərin görülməsinin, kiberdayanıqlıq və proqram mühəndisliyi ixtisasları üzrə təhsilin bütün səviyyələrində yüksəkixtisaslı kadrların hazırlanmasının, tədris resursları və populyar kitabların hazırlanmasının vacibliyinə toxunub.

Paylaş: