22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb

25-10-2024
IMG

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Buzovna” Fizioterapiya Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib.

AHİK-dən verilən məlumata görə, əvvəlcə iştirakçılar tərəfindən fizioterapiya mərkəzinə baxış olub. Məlumat verilib ki, mərkəzdə 90 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var. Bütün otaqlar zəruri məişət avadanlıqları ilə təchiz edilib. Eləcə də burada ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahət guşələri yaradılıb. Mərkəzin ərazisindəki ikimərtəbəli müalicə korpusunun birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri, masaj otaqları yerləşir. Qapalı hovuz da müalicə olunanların istifadəsindədir. Mərkəzin ərazisində geniş yaşıllaşdırma işləri aparılıb, gül-çiçək, dekorativ kol və ağaclar əkilib.

İştirakçılar, həmçinin yaşayış otaqlarına, müalicə və müayinə kabinetlərinə baxıb, müalicə üçün yaradılmış şəraitlə tanış olublar.

Fizioterapiya mərkəzi ilə tanışlıqdan sonra çıxış edən AHİK sədri Sahib Məmmədov dövlətimizin başçısı İlham Əliyevin genişmiqyaslı və məqsədyönlü fəaliyyətindən, son illərdə bütün sahələr üzrə ölkəmizin qazandığı nailiyyətlərdən söz açıb, vətəndaşlarımızın rifahının yüksəldilməsi, sağlamlıqlarının qorunması, həmçinin ölkəmizdə səhiyyə sahəsində görülən işlərdən danışıb.

Prezident İlham Əliyevin bütün fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və bu gün vətəndaşımızın şanlı tarixin ən parlaq dövrünü yaşadığını bildirən AHİK sədri əlavə edib: “Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti də hər zaman ölkə Prezidentinin diqqətindədir. Bizə davamlı olaraq dəstək göstərilir. Bu da səylə çalışmağımıza, uğurlu nəticələr əldə etməyimizə, ümumilikdə həmkarlar ittifaqlarının inkişafına rəvac verir”.

Sahib Məmmədov işçilərin istirahəti və müalicəsinin təşkilinin, məzuniyyət dövrünün daha səmərəli keçirilməsi üçün şəraitin yaradılmasının həmkarlar ittifaqlarının daim diqqət mərkəzində olduğunu bildirib. Qeyd edib ki, hazırda Həmkarlar İttifaqı tərəfindən ittifaq üzvlərinin mənalı istirahəti üçün müasir və səmərəli beynəlxalq təcrübənin tətbiqi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir.

Gənclər və gender məsələləri ilə bağlı yeni layihələrdən danışan S.Məmmədov artıq “AHİK Könüllüləri” proqramına start verildiyini, “Layiqli Əmək Səfirləri” layihəsinin isə yaxın vaxtlarda təqdim olunacağını diqqətə çatdırıb.

“Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, biz dövlət orqanları və işəgötürənlərlə birgə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması və cəmiyyətin ahəngdar inkişafı naminə səylərimizi bundan sonra da davam etdirəcəyik”, - deyə AHİK sədri bildirib.

Təbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, Milli Məclisin komitə sədrləri - Musa Quliyev, Azər Əmiraslanov, deputat Soltan Məmmədov və tibb elmləri doktoru, professor Nailə Məmmədova “Buzovna” fizioterapiya mərkəzinin insanların sağlamlığına xidmət etməklə ölkəmizin tibb sahəsinin inkişafına dəstək olacağını vurğulayıblar.

Natiqlər qeyd ediblər ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir, yeni tibbi texnologiyalar tətbiq olunur və beləliklə ölkə səhiyyəsi davamlı olaraq inkişaf edir.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyə sistemində bir sıra mühüm layihələrin uğurla həyata keçirilməsi ölkədə əhalinin sağlamlığının qorunmasına diqqət və qayğının parlaq təzahürüdür.

Sonda AHİK sədri Sahib Məmmədov fizioterapiya mərkəzinin rəhbərliyinə və həkimlərinə tövsiyələrini verib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Paylaş: