22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ağdaban faciəsindən 32 il ötür

08-04-2024

Bu gün Ağdaban faciəsindən 32 il ötür.

Fhnews.az xəbər verir ki, AZƏRTAC faciə ilə bağlı bəzi məqamlara nəzər salır.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Ermənilərin mədəni irsimizə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Ağdaban kəndində törədilən faciə, əslində, bir günün hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.

Ağdaban faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Goranboy rayonunun Ballıqaya kəndində və digər yerlərdə azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

2020-ci ilin Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsi ilə ermənilərin xalqımıza qarşı törətdiyi bütün qətliamların qurbanları kimi, Ağdaban şəhidlərinin də qisası alınıb və bu gün onların ruhları şaddır.

Paylaş: