ADU-da COP29-da iştirak edən Çin nümayəndə heyəti ilə görüş olub
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Çin nümayəndə heyətinin bir qrupu ilə görüşüb.
ADU-dan verilən məlumata görə, Çin nümayəndə heyətinin tərkibində Hucou şəhərinin bələdiyyə sədrinin müavini Şi Yitinq, şəhər bələdiyyəsinin baş katibinin müavini Lu Siaoha, Bələdiyyə Komitəsinin Ekoloji Sivilizasiya İdarəsinin direktor müavini Sia Vei, Hucou Bələdiyyə Təhsil Bürosunun direktoru Çen Cienlian, Nanhun Rayon Xalq Hökumətinin icra başçısının müavini Sion Cuoyüe, Liderlik Qrupunun üzvü, CPC Hucou Bələdiyyə Komitəsinin Təşkilat şöbəsindən Lu Siaohon yer alıblar.
Rektor Kamal Abdulla ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirə böyük maraq olduğunu qonaqların diqqətinə çatdırıb: “Möhtəşəm bir tədbirə ev sahibliyi edən Azərbaycana səfəriniz bizi son dərəcədə məmnun edir. Biz hamımız böyük əhəmiyyət kəsb edən COP29-un açılış mərasimini izlədik. Şadıq ki, iştirakçılar arasında Çindən olan nümayəndə heyəti də var. Sizin təmsil olunduğunuz şəhər bizim üçün doğma bir şəhərdir. Hucou bizim universitetdə kollektiv tərəfindən yaxşı tanınan və rəğbət göstərilən şəhərlərdən biridir. Biz sevinirik ki, ADU-da Konfutsi İnstitutunun açılışından sonra Hucou şəhərində də Azərbaycan dili və mədəniyyətini təmsil edən mərkəz fəaliyyətə başlayıb. Fürsətdən istifadə edib yaradılan şəraitə və imkanlara görə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyi universitetin rəhbərliyinə minnətdarlığımızı bildiririk”.
Qonaqpərvərliyə görə öz təşəkkürünü bildirən Hucou şəhərinin bələdiyyə sədrinin müavini Şi Yitinq Azərbaycanda keçirilən COP29 kimi beynəlxalq bir tədbirin əhəmiyyətindən danışıb: “Azərbaycan və Çin arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələr yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin qurulmasında və inkişafında tarixi köklərə dayanan ənənələrin böyük rolu var. Azərbaycan son illər sürətlə inkişaf edir. Bu inkişafın əsasında iqtisadi, siyasi, elmi faktorlar əsas rol oynayır. COP29 kimi beynəlxalq bir tədbirə ev sahibliyi edən Azərbaycan növbəti uğura imza atmış oldu. Bu gün biz şəhər turuna çıxdıq. Şəhəriniz çox gözəldir. Tarixi məkanlar bizi çox heyrətləndirdi. Heydər Əliyev Mərkəzində, Dağüstü parkda olduq. Şəhər sakinlərinin qonaqpərvərliyi və səmimiyyəti bizi çox sevindirdi.
Arzu edirik ki, Azərbaycan və Çin arasında olan əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf etsin. İnanıram ki, hər iki ölkənin universitetləri arasında sıx əməkdaşlıq münasibətləri bundan sonra yeni perspektivləri özündə ehtiva edəcək”.
ADU-nun rektoru hər iki ölkənin universitetləri arasında bundan sonra da əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını vurğulayıb. Qeyd olunub ki, ADU ilə Çinin Hucou şəhəri arasında olan dostluq münasibətləri hər zaman öz varlığını qoruyub saxlayacaq.
ADU-da Çin dilinə, mədəniyyətinə olan böyük diqqət və marağın olduğunu bildirən rektor tələbələr üçün Çin dili və mədəniyyəti ilə bağlı tez-tez müxtəlif tədbirlərin, mühazirələrin təşkil olunduğunu söyləyib: “Tələbələrimiz Çin dilini, mədəniyyətini, tarixini böyük maraq və həvəslə öyrənirlər. ADU-da səkkiz ildir ki, fəaliyyət göstərən Konfutsi institutu Çinlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm işlərə imza atıb. Azərbaycanlı tələbələr yay məktəbi çərçivəsində Çində səfərdə olublar, Çin dilini, mədəniyyətini daha yaxından öyrənmək imkanı əldə ediblər. Hucou şəhəri bu mənada tələbələrimizi xüsusi diqqət və qayğı ilə qarşılayıb. Biz fəxr edirik ki, Hucou şəhəri ilə dostluq edirik. Azərbaycanın müxtəlif bölgələrində Çin dili ilə bağlı tədrisin aparılması işlərinə də başlaya bilərik. Biz bu layihəni Hucou şəhər rəhbərliyi ilə birlikdə həyata keçirə bilərik. Eyni zamanda, Çində fəaliyyət göstərən həmkarlarımız üçün Azərbaycanla bağlı mühazirələr təşkil edə bilərik. Bu istiqamətdə kitabxanaları, elmi mərkəzləri də cəlb etmək mümkündür”.
Daha sonra qonaqlar ADU-nun nəznində fəaliyyət göstərən Konfutsi İnstitutunda olublar. Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov qonaqlara bu müəssisədə həyata keçirilən layihələr haqqında məlumat verib.
Görüş gələcək elmi əməkdaşlıq və tərəfdaşlıq imkanları ətrafında müzakirələrlə davam edib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...