22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ABŞ və Kanada hərbi gəmiləri Tayvan boğazından keçib

21-10-2024
IMG

ABŞ və Kanada donanmasına məxsus iki döyüş gəmisinin Tayvan boğazından keçdiyi bildirilib.

ABŞ-nın Sakit Okeandakı 7-ci Donanması tərəfindən verilən açıqlamada, "Arleigh Burke" sinifli idarə olunan raketləri daşıyan USS Higgins esminesi və Kanada Kral Donanmasının "Halifax" sinifli HCMS Vancouver freqatı oktyabrın 20-də Tayvan boğazından müntəzəm olaraq keçib.

Bəyanatda açıq dənizdə üzmə azadlığının qüvvədə olduğu sulardan keçidin beynəlxalq hüquq normalarına uyğun olduğu bildirilib.

“Higgins və Vankuverin Tayvan boğazından keçməsi Birləşmiş Ştatların müttəfiqləri və tərəfdaşları ilə birlikdə bütün ölkələr üçün naviqasiya azadlığına prinsipcə sadiqliyini nümayiş etdirdi”- deyə  bəyanatda vurğulanıb. 

Qeyd edək ki, Tayvan boğazının yerləşdiyi bölgəyə cavabdeh olan Çin Xalq Azadlıq Ordusunun  Şərq Cəbhəsi Komandanlığından verilən açıqlamada ABŞ və Kanada gəmilərinin Tayvan boğazından keçməsinə nəzarət edildiyi və qaydalara uyğun olaraq Çin döyüş təyyarələri və gəmiləri tərəfindən izlənildiyi bildirilib.

ABŞ və Kanadanın "xaosa səbəb olmaqda" və "Tayvan boğazında sülh və sabitliyə zərər verməkdə" günahlandırıldığı bəyanatda əlavə olunub ki, qoşunlar hər zaman hazır vəziyyətdədir və milli suverenliyi və təhlükəsizliyi qətiyyətlə qoruyacaq. 

Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada gəmilərin keçidi təsdiqlənib və Tayvan ətrafındakı su və hava məkanında vəziyyətin normal olduğu bildirilib.

Qeyd edək ki, ABŞ və Kanada gəmilərinin Tayvan boğazından keçməsi ötən həftənin əvvəlində Çinin Tayvanı mühasirəyə aldığı hərbi təlimdən sonra baş verib.Çin ordusu oktyabrın 14-də Tayvanı əhatə edən hərtərəfli hərbi təlimə başladığını açıqlayıb. “Birgə Qılınc-2024B” adlı təlimdə quru, hava, dəniz və raket qüvvələrinin birliklərinin iştirak etdiyi bildirilib.

Tayvanı şimaldan, cənubdan və şərqdən mühasirəyə alaraq, kritik limanları bağlayaraq adanı faktiki olaraq blokadaya alan təlimə elə həmin gün axşam saatlarında son qoyulub.

Tayvan adasını öz ərazisi, Tayvan boğazını isə ərazi suları hesab edən Çin ABŞ və digər region ölkələrinin hərbi mövcudluğuna qarşıdır. ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki naviqasiya və kəşfiyyat fəaliyyətləri iki ölkə arasında gərginliyə səbəb olur.

Paylaş: