22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

500 il yaşayan köpək balıqları ürək xəstəliklərinə dərman ola bilərmi?

06-07-2024
IMG

Ən uzunömürlü onurğalı olan Qrenlandiya köpəkbalığının necə sağ qaldığına dair yeni faktlar əldə edilib. Tədqiqatçılar yeni kəşfin insanların ürək sağlamlığını yaxşılaşdıra biləcək tədqiqatlara əhəmiyyətli töhfələr verəcəyini gözləyirlər. 

Orta ömrü 270 ilə 500 il arasında dəyişən Qrenlandiya köpəkbalığı Şimali Atlantika və Antarktika okeanlarında yaşayır. Lakin bu heyvanların bu qədər uzun müddət necə yaşadığı sirr olaraq qalır. Praqada keçirilən Eksperimental Biologiya Cəmiyyətinin illik toplantısında təqdim edilən araşdırma nəticəsində məlum olub ki, Qrenlandiya köpəkbalığı əzələlərinin unikal metabolizması sayəsində uzun müddət yaşaya bilər. 
Tədqiqatçılar Qrenlandiya köpək balıqlarının əzələ toxuması nümunələrində 5 fərqli fermenti araşdırıblar. Müxtəlif yaşlarda və temperaturlarda bu fermentlərin metabolik aktivliyinin necə dəyişdiyi təhlil edilib.

Alimlər öz mətbuat şərhlərində heyvanların əzələ metabolizmində yaşa bağlı dəyişiklik olmadığını aşkar etdiklərini bildiriblər. Tədqiqata rəhbərlik edən Evan Camplissonun fikrincə, bu, yaşlandıqca metabolik ferment aktivliyində müəyyən dəyişiklik göstərən əksər heyvanlardan tamamilə fərqlidir. 

Nəticələr Qrenlandiya köpəkbalığının digər heyvanlar kimi klassik yaşlanma əlamətlərini göstərmədiyi fərziyyəsini dəstəkləyir.Camplisson deyir ki, gələcək tədqiqatlar maddələr mübadiləsinin köpək balıqlarının uzunömürlülüyündə nə dərəcədə rol oynadığını göstərəcək. 
Alimlər hüceyrə səviyyəsində insan ürəyinə bənzəyən köpək balığının ürəyinin araşdırılmasının insan sağlamlığı üçün mühüm nəticələr verəcəyinə ümid edirlər. 

Camplisson "Qrenlandiya köpəkbalıqlarının ürək-damar xəstəliklərindən ciddi şəkildə təsirlənmədən bu qədər uzun müddət yaşamasına imkan verən uyğunlaşmaları anlaya bilsək, ürək sağlamlığını yaxşılaşdırmaq üçün bunların bəzilərini insanlara uyğunlaşdıra bilərik"-deyib. 

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, temperaturun artması Qrenlandiya köpəkbalıqlarının maddələr mübadiləsində ciddi dəyişikliklərə səbəb olub. Bu səbəbdən onlar bu növün yaşayış mühitinin iqlim böhranı ilə təhlükə altına düşəcəyindən narahatdırlar.

Paylaş: