22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

2040-cı ilə qədər bərpa olunan enerji mənbələrinin istehsalı Avropada 1,7 milyon iş yerinin yaradılmasına səbəb olacaq

18-01-2024

İspaniyanın “Cepsa” neft-kimya şirkəti və Amerikanın “ManpowerGroup” transmilli korporasiyası yanvarın 17-də Davosda keçirilən İqtisadi Forumda “Yaşıl molekullar: Avropada əmək bazarının qaçılmaz inqilabı” mövzusunda hesabat təqdim ediblər. Hesabatda qeyd olunur ki, yaşıl hidrogen, bioyanacaq kimi bərpa olunan enerji mənbələrinin istehsalı 1,7 milyon yeni iş yerlərinin açılmasına və Avropa ÜDM-nin 2040-cı ilə qədər 145 milyard avro artmasına səbəb olacaq.

Fhnews.az xəbər verir ki, hesabata əsasən, İspaniya Avropada yaşıl hidrogenin istehsalına liderlik edən ölkələrdən birinə çevriləcək. Məhz 2040-cı ilə qədər İspaniyada yaşıl molekullarla əlaqəli 181 min iş yeri yaradılacaq. Sonrakı yerlərdə Böyük Britaniya (173 min) və Almaniya (145 min) gəlir.

Hesabata görə, enerjinin transformasiyası 2040-cı ilə qədər müddətdə orta və yüksək səviyyəli alim və mühəndislərə, elektriklərə, inzibati və satış direktorlarına, mədənçıxarma və tikinti fəhlələrinə, İT mütəxəssislərinə, metallurgiya və mühəndislik operatorlarına tələbatın əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq.

“Biz təkcə şirkətlər üçün deyil, həm də milyonlarla mütəxəssis üçün çox böyük imkanlar təqdim edən yeni dövrün astanasındayıq. Lakin biz bundan ancaq insanları buna hazırlayacağımız təqdirdə istifadə edə bilərik. Gələcək “yaşıl” keçidindir”, - deyə "ManpowerGroup”un baş direktoru Yonas Prizinq bildirib.

Paylaş: