17 aprel 2025, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Dünyanın ən kosmopolit şəhəri

08-04-2025
IMG

Dünyanın ən kosmopolit şəhərlərindən biri olan Londonun ən gözəl fəsli sentyabrdır... Bukingem sarayından Big Benə, London Eyedən Hyde Parka kimi London bütün gözəllikləri ilə sizi gözləyir.Amma sonbaharı gözləmədən elə bu bahar dünyanın ən kosmopolit şəhərlərindən biri olan Londona qiyabi səyahət siz oxucular üçün də maraqlı olacaq. 

Keçmişdə Britaniya İmperiyası dünyanın 40 faizinə hökmranlıq etdiyi üçün "Üstündə günəşin heç vaxt batmadığı imperiyanın paytaxtı" kimi tanınan London indi 300 fərqli dilin danışıldığı çoxmillətli meqapolisə çevrilib. Avropada ən çox immiqrant qəbul edən London hər dildən, hər irqdən insana qapılarını açan dünya paytaxtlarından biridir...

Küçələri və arxitekturası çox valehedici olan Londonda ilk dayanacağınız Bukingem Sarayıdır... Yaşıl Park metrosunda enib, Qrin Parkdan qısa bir gedişlə saraya çata bilərsiniz. Möhtəşəmliyi ilə heyran edən bu saray kim bilir nə sirləri gizlədir... 1894-cü ildə Temza çayı üzərində Londonun ilk körpüsü kimi tikilmiş Tower Bridge şəhərin ikonik tikililərindən biridir. London turizmində mühüm yeri olan bu körpünün uzunluğu 283 metrdir və şəhərin iki tərəfini birləşdirir. Tower Bridge asma körpüdür. Əvvəllər buxar, indi isə elektrik enerjisi ilə işləyən körpü açılan zaman orada olsanız, mənzərədən həzz ala biləcəyiniz şüşəli keçidi də görəcəksiniz.

Əvvəllər İngiltərə krallarının iqamətgahı olan Vestminster sarayının təməli isə 1016-cı ildə qoyulmuşdur.Lakin 1512-ci ildə baş verən böyük yanğında demək olar ki, bütün saray zərər görmüş, sonradan təmir edilərək parlament binası kimi istifadə olunmağa başlanmışdır. Daha sonra, 1834-cü ildə ikinci və daha böyük yanğın baş verəndə, sarayın məşhur Big Ben saat qülləsinin də daxil olduğu son variantı tikildi. UNESCO tərəfindən qorunan qotika üslubunda 1000-dən çox otağı olan bu nəhəng sarayı ziyarət etmək maraqlıdır. Binada İcmalar Palatası, Lordlar Palatası, Kraliçanın soyunub-geyinmə otağı və 900 illik Westminster Hall kimi bölmələr ziyarətçiləri gözləyir.

Londonun məşhur saat qülləsi olan Big Ben şəhərin başqa bir simvolik quruluşudur. Vestminster sarayında yerləşən saat qülləsinin hündürlüyü 98 metrdir. Tarixi 1834-cü ilə aid olan Big Ben, şəhər turunuz zamanı görüləcək və hətta fotoşəkil çəkə biləcəyiniz yerlərdən biri olaraq mütləq siyahınızda olmalıdır. İkonik ikimərtəbəli qırmızı avtobuslar ayrıca bir başlığa layiqdir. İllərdir filmlərdə, seriallarda, ingilis dili maarifləndirici kitablarda, sosial şəbəkələrdə gördüyümüz bu avtobuslarla London turunun  ayrı bir gözəlliyi var.

London həm də incəsənət və muzeylər şəhəridir. Dünyanın ən prestijli müasir incəsənət muzeylərindən biri olan Tate Modern Pikasso, Rotko, Dali, Pollok və Uorhol kimi müasir dövr rəssamlarının əsərlərini görmək şansı verir. Dünyanın müxtəlif ölkələrindən müasir incəsənətin ən yaxşı nümunələrinin sərgiləndiyi bu sənət muzeyində görməli olduğunuz bir çox yerli və beynəlxalq əsərlər var. Hər kəsi heyrətləndirəcək yerlərdən biri olan Britaniya Muzeyi isə  London səyahətinin vazkeçilməz hissəsidir. Londonun Bloomsbury rayonunda yerləşən bu muzey bütün dünyada böyük əhəmiyyət kəsb edir. İçəridə 13 milyondan çox sənət əsəri nümayiş olunur.

Londonun ən böyük dini binası və yepiskop mərkəzi olan Müqəddəs Pavel Kafedralı şəhərə gələndə mütləq ziyarət edilməlidir. Tarixi 17-ci əsrə aid olan kafedral bu illər ərzində kral ailəsi üçün mühüm tədbirlərə ev sahibliyi edib. Onun şöhrəti xüsusilə şahzadə Çarlz və şahzadə Diananın toyu sayəsində bütün dünyaya yayılıb.

Paylaş: