16 aprel 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Qlobal sağlamlıq təhlükəsi

07-04-2025
IMG

Malayziyanın Terenqqanu şəhərindəki xəstəxanada yüksək dərəcədə antibiotikə davamlı və ölümcül Acinetobacter baumannii ştammı aşkar edilib. Alimlər sözügedən bakteriyanın dünya miqyasında geniş yayılmış və xalq sağlamlığı üçün ciddi təhlükə yaradan GC2 nəslinə aid olduğunu açıqlayıblar. Tədqiqatçılar 2011-2020-ci illər arasında bölgədən toplanmış 126 bakteriya nümunəsini tədqiq ediblər. Nəticələr bakteriyaların bir sıra antibiotiklərə qarşı müqavimət göstərdiyini üzə çıxarıb. Xüsusilə A.baumannii infeksiyalarında ümumiyyətlə ilk seçim olan karbapenem qrupunun antibiotiklərinə qarşı yüksək səviyyədə müqavimət aşkar edilmişdir.

Araşdırmanın nəticələri “Microbial Genomics” jurnalında dərc olunub. Beynəlxalq tədqiqat qrupu, tədqiq etdikləri nümunələrin 97%-nin antibiotik müqavimətini yaymaqdan məsul olan plazmid DNT-dən ibarət olduğunu bildirib.

Araşdırmanın həmmüəlliflərindən biri, Birmingem Universitetinin alimi  David Cleary araşdırma ilə bağlı bildirib ki, bakteriyanın xəstəxanalarda yayılmağa davam etdiyinə dair yeni sübutlarımız var. Bununla belə, aşağı və orta gəlirli ölkələrdən əldə edilən məlumatlar qənaətbəxş deyil. Xəstəliyin necə inkişaf etdiyini başa düşmək onun yayılmasının qarşısını almaq və effektiv müalicə üsullarını inkişaf etdirmək üçün çox vacibdir.

Cleary bu ölkələrdə antibiotiklərə qarşı müqavimətlə mübarizə aparmaq üçün daha effektiv nəzarət sistemlərinə və yeni müalicə protokollarına ehtiyac olduğunu vurğulayıb.

Mütəxəssislər deyir ki, A. baumannii bakteriyaları qan, ağciyər, sidik yolları və yara infeksiyalarına səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı  bu bakteriyanı antibiotik müalicəsinə davamlı patogenlər arasında kritik prioritet təhlükə kimi təsnif edir.

Paylaş: