9 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Mütəxəssislər: Sadə üsulla içməli sudakı mikroplastikləri azaltmaq mümkündür

07-04-2025
IMG

Yeni elmi araşdırma göstərib ki, içməli suyu sadəcə qaynatmaqla onun tərkibindəki mikroplastikləri xeyli azaltmaq olar.

Fhnews.az “euronews.com” telekanalına istinadla xəbər verir ki, çinli tədqiqatçıların müəyyənləşdirdiklərinə görə, xüsusilə COD suda — yəni minerallarla zəngin olan suda — beş dəqiqəlik qaynama mikroplastiklərin miqdarını 90 faizədək azalda bilər. Yumşaq suda isə bu rəqəm təxminən 25 faizdir. Tədqiqatın müəlliflərindən biri, Quançjou Tibb Universitetindən Zimin Yu qeyd edir ki, bu üsul insanların su vasitəsilə mikro və nanoplastik hissəciklərə məruz qalmasını təhlükəsiz və əlçatan şəkildə azalda bilər. Tədqiqatçılar bildirirlər ki, qaynama zamanı suda olan minerallar, xüsusilə kalsium karbonat, mikroplastikləri özünə hopduraraq çöküntü (ərp) şəklində suyun dibinə çökür. Bu səbəbdən mikroplastiklərin bir hissəsi sudan uzaqlaşdırılır. Alimlər mikroplastiklərin sağlamlığa potensial zərər verdiyini xatırladırlar. Müxtəlif tədqiqatlar bu hissəcikləri ürək-damar xəstəlikləri, insult və demensiya kimi problemlərlə əlaqələndirir. Amma bu araşdırmalar səbəb-nəticə əlaqəsini tam sübut etmir, sadəcə müəyyən uyğunluqları göstərir.

Çinli mütəxəssislər əlavə edirlər ki, mikroplastikləri daha effektiv şəkildə tutmaq üçün paslanmayan polad filtrli və plastik olmayan çaydanlardan istifadə olunmalıdır. Onlar, eyni zamanda, bu sadə üsulun digər zərərli hissəciklərə qarşı da effektiv olub-olmadığını araşdırmaq üçün gələcəkdə daha geniş tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Beləliklə, gündəlik həyatda suyu qaynadaraq içmək, sağlamlığımızı qorumaq üçün sadə və praktik bir addım ola bilər.

Paylaş: