17 aprel 2025, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Özbəkistandakı turnirin qalibi olub

07-04-2025
IMG

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Kamran Xappayev Özbəkistanın Çirçiq şəhərində keçirilən “Uzbekistan Open” açıq turnirində qızıl medal qazanıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından bildirilib ki, 61 kiloqram çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 103 kiloqram nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. Atlet bu dəfə 123 kiloqram ağırlığı ram edib. Beləliklə, toplamda 226 kiloqram nəticə göstərən K.Xappayev yarışın qalibi adını qazanıb.

Bu gün mübarizəyə qoşulan yeniyetmə qızların yarışında isə Zeynəb Həsənova (55 kiloqram) birdən qaldırma hərəkətində 48 kiloqram, təkanla qaldırmada isə 63 kiloqram ağırlığı başı üzərinə qaldırıb. Zeynəb toplamda 111 kiloqram nəticə ilə turniri 4-cü pillədə başa vurub.

49 kiloqram çəki dərəcəsində yarışan Aydan Rzayeva isə birdən qaldırma hərəkətində 53 kiloqram, təkanla qaldırmada isə 66 kiloqram ağırlığı başı üzərinə qaldırıb. Aydan toplamda 119 kiloqram nəticə ilə 6-cı olub.

Qeyd edək ki, aprel ayının 9-da Azərbaycanın daha 2 idmançısı - İsa Əliyev və Malikə Biçekuyeva körpücük üzərinə çıxacaqlar. Aslan Əmiraslanov isə aprelin 11-də mübarizəyə qoşulacaq.

Paylaş: