18 aprel 2025, cümə Bakı, 10°C
IMG-LOGO

Azərbaycan və almaniyalı alimlər Ağstafada arxeoloji tədqiqatlar aparır

09-04-2025
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Vürtsburq Universiteti arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə arxeologiya sahəsi üzrə müştərək tədqiqatlar və təhsil əməkdaşlığı haqqında bağlanmış birgə anlaşma memorandumuna əsasən Ağstafa rayon ərazisinə arxeoloji ekspedisiya təşkil olunub.

Fhnews.az xəbər verir ki, ekspedisiyaya Azərbaycan tərəfindən İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, Almaniya tərəfindən isə Vürtsburq Universitetinin kafedra müdiri, professor Martin Gruber rəhbərlik edir.

Arxeoloji ekspedisiyanın tərkib hissəsi olduğu layihə Vürtsburq Universitetində 2021-ci ilin oktyabrından başlayıb və 2027-ci ilin oktyabrına qədər davam edəcək Qədim Yaxın Şərq tədqiqatlarının innovativ inkişafı və uzunmüddətli konsolidasiyası üzrə fənlərarası strategiyanın bir hissəsidir. Tərəflər arxeologiya, bərpa, konservasiya və mədəni irsin idarə olunması sahələrində təhsil və tədqiqat təcrübələrini genişləndirəcək, qazıntı işləri, bərpa işləri, konservasiyalar, xilasetmə proqramları, üzvi və qeyri-üzvi qalıqlar üzrə material təhlillərini əlaqələndirəcək. Həmçinin tədqiqat işləri başa çatdıqdan sonra birgə nəşrlərin hazırlanması da nəzərdə tutulub.

Qeyd edək ki, arxeoloji qazıntı işləri Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində yerləşən son tunc-erkən dəmir dövrünə aid Ağalıqtəpə yaşayış yerində aparılır. Ağalıqtəpə yaşayış məskənində aparılan arxeoloji qazıntılar Qərb bölgəsində yerləşən "Keşikçidağ" və "Avey" Dövlət tarix-mədəniyyət qoruqlarının əməkdaşları ilə birgə həyata keçirilir.

Arxeoloji qazıntıların aparılmasında və Ağalıqtəpə yaşayış yerinin qazıntı sahəsi kimi seçilməsində məqsəd bölgədə Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin yayılma arealını və arxeoloji tapıntıların mütləq yaşını müəyyən etməklə yanaşı, ərazinin tunc dövrünün son mərhələsində məskunlaşma xüsusiyyətlərinin müəyyənləşirilməsindən ibarətdir.

Paylaş: