18 aprel 2025, cümə Bakı, 10°C
IMG-LOGO

Quş qripi xəstəliyinə qarşı keçirilən monitorinqlərin nəticələri açıqlanıb

09-04-2025
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə martın 3-dən martın 7-dək quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 68 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 34 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 340 baş, habelə 16 rayonun (şəhər) 406 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 1234 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb.

Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb, toplanmış epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar elektron sistemə daxil edilib.

Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.

Paylaş: