İqlim dəyişikliyi şokolad istehsalına da mənfi təsir edir
Ötən il Qərbi Afrikada həftələrlə davam edən həddindən artıq istilər qlobal şokolad istehsalının əsasını təşkil edən kakao yığımına mənfi təsir göstərib. Tədqiqatçılar bu vəziyyətin istehsalın azalmasına və kakaonun qiymətinin rekord həddə qalxmasına səbəb olduğunu bildirirlər.
Dünya kakao istehsalının təxminən 70 faizini təşkil edən Qərbi Afrikadakı fermerlər son illərdə həddindən artıq yüksək temperatur, xəstəliklər və qeyri-sabit yağışlarla mübarizə aparırlar.Bu neqativlər kakao istehsalının azalmasına, qiymətlərin isə sürətlə artmasına səbəb olub. Müstəqil araşdırma qrupu “Climate Central”ın hesabatına görə, neft, kömür və metan qazından istifadə nəticəsində temperaturun yüksəlməsi xüsusilə Fil Dişi Sahili, Qana, Kamerun və Nigeriyada daha çox müşahidə olunur.
Fil Dişi Sahili və Qananın ən böyük istehsalçılar olduğu vurğulansa da, tədqiqatçılar temperatur məlumatları və iqlim modellərini araşdıraraq qlobal istiləşmənin təsirlərini qiymətləndiriblər. Tədqiqat çərçivəsində kakao istehsalı üçün ideal temperatur səviyyəsinin 32 dərəcə olduğu bildirilmiş və son on ildə bu səviyyədən yuxarı olan isti günlərin sayının üç həftə artdığı müəyyən edilmişdir. 2023-cü ildə qlobal temperaturun orta göstəriciləri rekord səviyyəyə çatdıqda, tədqiq edilən bölgələrin üçdə ikisində temperatur ən azı 42 gün ərzində 32 dərəcəni keçib.
Alimlər qeyd edirlər ki, həddindən artıq temperatur kakaonun məhsuldarlığını və keyfiyyətini azaldır. Bundan əlavə, ət böcəyi ilə yoluxma, nizamsız yağışlar, qaçaqmalçılıq və qeyri-qanuni mədənçilik kimi digər amillərin də kakao istehsalına mənfi təsir göstərdiyi bildirilir.
İngilis yardım təşkilatı “Christian Aid” tərəfindən nəşr olunan başqa bir araşdırma, Qərbi Afrikadakı kakao fermerlərinin iqlim dəyişikliyinin yaratdığı hava şəraitinə qarşı həssas olduğunu ortaya qoyub. Hesabatda 2023-cü ildə həddindən artıq yağış nəticəsində zərər görən kakao istehsalının 2024-cü ildə quraqlıqdan mənfi təsirləndiyi bildirilir.
İstehsalın azalması qlobal kakao qiymətlərində böyük artımlara səbəb olub. 2023-cü ilin sonundan etibarən London və Nyu-York birjalarında kakao qiymətləri sürətlə artdığı halda, Nyu-York bazarında ton başına qiymət 10 min dolları keçib. 2023-cü ilin dekabrında qiymətlər 12 min 500 dolları keçərək rekord qırıb.
İqlim dəyişikliyi şokolad istehsalına da...
3D çaplı qapaq ürək xəstəliklərinin...
Tədqiqat: Qan dövranını yaxşılaşdıran...
Kaliumla zənginləşdirilmiş duz...
Şirin dadla bağlı beyin siqnalları kəşf...