Auditorlar Palatasında “18 İyun – İnsan Hüquqları Günü”nə həsr edilmiş tədbir keçirilib
Auditorlar Palatası “18 İyun-İnsan Hüquqları Günü”nə həsr edilmiş tədbir keçirib.
Palatadan bildiriblər ki, tədbiri giriş sözü ilə Auditorlar Palatasının İcraçı direktoru Səbuhi Gülməmmədov açaraq bildirib ki, 1998-ci il 22 fevral tarixində Ümummilli Liderimiz Heydər Əliyevin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqamətlərinin müəyyənləşdirildiyini, insan hüquqlarının ümumdövlət səviyyəsinə qaldırıldığını vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqlənib. Bu il insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyi ilk strateji sənəd olan həmin Dövlət Proqramının təsdiq edilməsindən 27 il ötür. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü elan olunması bu sahədə yeni imkanlar açıb. Azərbaycan öz Milli İnsan Hüquqları Gününü qeyd edən yeganə ölkədir.
S.Gülməmmədov vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezidentin siyasi iradəsi və təşəbbüsləri ilə ölkədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, inzibati islahatların aparılması, şəffaflıq və vətəndaşların hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi sahəsində mühüm addımlar atılıb. Azərbaycanda Ombudsman institutunun fəaliyyətinin genişləndirilməsi, insan hüquqları üzrə Milli Fəaliyyət Planlarının həyata keçirilməsi, qeyri-hökumət təşkilatlarının hüquqi statusunun gücləndirilməsi və vətəndaş cəmiyyətinin iştirakçılıq imkanlarının artırılması bu istiqamətdəki mühüm nailiyyətlərdəndir. O, çıxışında xüsusilə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər – Vətən Müharibəsi yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yadda qalmadı, həm də işğal altında qalmış torpaqlarda yaşayan insanların fundamental hüquqlarının – yaşamaq, mülkiyyət, azad hərəkət, təhlükəsiz həyat və mədəni irsə sahib olmaq hüquqlarının bərpa olunmasına imkan yaradıb. Azad edilmiş ərazilərdə dövlət başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilən tədbirlər məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətli şəkildə, hüquqları tam təmin olunaraq qayıtmaları üçün mühüm hüquqi və sosial əsaslar yaradıb. Bu, əslində Azərbaycanın insan hüquqlarına sadiqliyinin bariz nümunəsidir.
Qeyd edilib ki, Auditorlar Palatası da beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu çərçivədə qabaqcıl təcrübələrin öyrənilərək tətbiqinə xüsusi önəm verir. Beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihə və tədbirlər çərçivəsində insan hüquqlarının müdafiəsi, peşə etikası və ictimai məsuliyyət məsələləri mütəmadi olaraq gündəmdə saxlanılır. Bu əməkdaşlıqlar nəticəsində Azərbaycanın audit sektorunda insan hüquqları kontekstində beynəlxalq standartlara uyğun yanaşmaların tətbiqi və etik idarəetmə prinsiplərinin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.
S. Gülməmmədov eyni zamanda qeyd edib ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində maliyyə peşəkarlarının və mühasiblərin rolu, onların üzərinə düşən etik və hüquqi məsuliyyətlər mütəmadi olaraq maarifləndirmə və təlim mövzusu kimi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə son illərdə həyata keçirilmiş tədbirlər arasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda təşkil olunmuş silsilə təlimlər və xüsusilə də ötən həftə keçirilmiş beynəlxalq elmi-praktik konfrans xüsusi qeyd olunmalıdır. Həmin konfransda yerli və xarici qurumların nümayəndələri tərəfindən bu sahədə mövcud risklər, qabaqlayıcı tədbirlər və nəzarət mexanizmləri geniş müzakirə olunmuş, insan hüquqları və hüquqi təhlükəsizlik müstəvisində peşəkar məsuliyyətin önəmi bir daha vurğulanıb.
Daha sonra vurğulanıb ki, insan hüquqlarının müdafiəsi yalnız qanunvericilikdən irəli gələn bir öhdəlik deyil, eyni zamanda hər birimizin daşıdığı mənəvi və vətəndaşlıq məsuliyyətidir. Ona görə də yalnız auditor peşəsi ilə məşğul olanların deyil, bütün sahələrdə fəaliyyət göstərən əməksevər vətəndaşlarımızın hüquqlarının hərtərəfli şəkildə təmin olunması vacibdir və əminik ki, ölkə rəhbərliyinin qətiyyətli iradəsi nəticəsində Qarabağ torpaqlarında uzun illərdən sonra tarixi ədalət bərpa olunduğu və soydaşlarımızın doğma yurdlarına qayıtmaq hüquqları reallığa çevrildiyi kimi, eləcə də Qərbi Azərbaycan torpaqlarında doğulmuş, illərlə bu torpaqların həsrəti ilə yaşayan həmvətənlərimizin hüquqları da beynəlxalq hüququn prinsipləri və tarixi ədalət müstəvisində gec-tez bərpa olunacaq. Bu, dövlətimizin apardığı prinsipial, humanist və uzaqgörən siyasətin, xalqımızın milli birliyinin və iradəsinin məntiqi nəticəsi olacaq.
Tədbirdə Auditorlar Palatası Şurası yanında Auditin hüquqi təminatı üzrə komitənin sədr müavini, Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəisi Elnur İbrahimov, Etika, mübahisələr, ictimai nəzarətlə əməkdaşlıq və intizam komissiyasının sədr müavini, Auditin hüquqi tənzimlənməsi şöbəsinin müdiri Bəhruzə Qasımova, Auditorlar Palatasının üzvləri olan “Audit Reporting” MMC-nin direktor-auditoru Yeganə Məmmədova, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmsına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə komitənin sədri, “VXA - Audit” MMC-nin direktor-auditoru Elçin Qurbanov, Auditin hüquqi təminatı üzrə komitənin üzvü, “A Plus Audit” MMC-nin direktor-auditoru Azər Əliyev, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmsına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə komitənin üzvü, Sərbəst auditor Şamxal Kərimov, Auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin üzvü, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov, “Bakı Hesabat Mərkəzi” MMC-nin direktor-auditoru Mehdi Babayev və Sərbəst auditor Miramal Ağayev öz çıxışlarında müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklərin Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi qenişmiqyaslı islahatların nəticəsində mümkün olduğunu və bu siyasətin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsindən, eyni zamanda Auditorlar Palatası tərəfindən auditor xidmətinin dövlət tənzimlənməsindən və inkişafından, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərinin müdafiəsindən, habelə auditorların öz fəaliyyətində qanunvericilik aktlarından irəli gələn tələblərə riayət olunmasından bəhs ediblər.
“Qida məhsulları ilə təmasda olan...
IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı...
Növbəti sosial islahat paketi...
Fövqəladə Hallar Nazirliyi yanında...
FHN-in idman yarışlarında uğur qazanmış...