12 iyun 2025, cümə axşamı Bakı, 24°C
IMG-LOGO

“Təbii mineral sulara dair sanitariya norma və qaydaları” təsdiq edilib

11-06-2025
IMG

Qida Təhlükəsiziyi Agentliyinin Kollegiyası “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” adlı texniki normativ-hüquqi aktın təsdiqi ilə bağlı Qərar qəbul edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həmin qaydalar respublika ərazisində yeraltı mineral su obyektindən çıxan və insanların qidalanması üçün nəzərdə tutulan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri (fiziki-kimyəvi xassələri, mikrobioloji göstəriciləri), qablaşdırılması, etiketlənməsi, dövriyyəsi, eyni zamanda, mənşə ölkəsinin səlahiyyətli qurumu tərəfindən təbii mineral su kimi qeydiyyata alınmış idxal olunan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, etiketlənməsi və dövriyyəsi ilə bağlı tələbləri müəyyən edir.

Həmin tələblər təbii müalicəvi xüsusiyyətlərə malik olan, su obyektlərində müalicəvi məqsədlər üçün istifadə edilən və tibbi təyinatlı mineral su kimi təsbit olunan, eləcə də, suvarma məqsədilə istifadə edilən sulara şamil olunmur.

Sənəddə, eyni zamanda, təbii mineral sularda tətbiqinə yol verilən təmizləmə üsulları, etiketlənmə zamanı təbii mineral suyun tərkibi, habelə tətbiq edilən təmizləmə üsuluna dair xəbərdarlıq yazıları ilə bağlı məsələlər də öz əksini tapıb.

Qeyd edək ki, “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” 2025-ci ilin noyabrın 20-ən qüvvəyə minəcək. Azərbaycan Respublikasının ərazisində istehsal edilən və ölkə ərazisinə idxal olunan təbii mineral sular yalnız qeydiyyata alındıqdan sonra dövriyyəyə çıxarıla bilər.

Qərarla https://afsa.gov.az/storage/pages/10873/58-tebii-mineral-sulara-dair-sanitariya-norma-ve-qaydalarinin-tesdiq-edilmesi-barede.pdf  linkindən ətraflı tanış olmaq mümkündür.

Paylaş: