Dəniz xiyarlarında aşkar olunan şəkər xərçəngə qarşı perspektivli vasitə kimi qiymətləndirilib
Dəniz xiyarları (holoturiyalar) dəniz kirpiləri ilə yaxın qohum olan, iynəlilər tipinə daxil onurğasız canlılardır. Onların 1100-dən çox növü məlumdur və təqribən 100 növü Rusiyanın sahil sularında yaşayır. Bir çox ölkədə “trepanq” adı ilə tanınan bu orqanizmlər yeyilir. Əsasən planktonla qidalanan bu canlılar azhərəkətli olur. Maraqlıdır ki, dəniz xiyarlarında, eləcə də bəzi digər dəniz orqanizmlərində (məsələn, meduzalarda və dəniz kirpilərində) xərçəng xəstəliyinə, yəni bədxassəli, ölümcül şişlərə rast gəlinmir. Bu canlıların həyatları boyunca sintez etdikləri bir çox biokimyəvi maddə isə elmdə analoqu olmayan strukturlara malikdir.
Son illərdə alimlər dəniz xiyarlarının tərkibindəki bu unikal birləşmələrin onkoloji xəstəliklərlə mübarizədə potensialını araşdırırlar. Lakin bu canlıların biokimyəvi sistemləri hələ də tam öyrənilməyib. Fhnews.az xəbər verir ki, ABŞ-dan olan tədqiqatçılar “Glycobiology” elmi jurnalında dərc etdikləri araşdırmada heparan-6-O-endosulfataza 2 adlı maddənin xərçəng əleyhinə güclü xüsusiyyətlərə malik olduğunu göstəriblər.
İnsan hüceyrələrinin səthi mikroskopik çıxıntılarla örtülüdür. Bu çıxıntılar qlikan adlanan kompleks şəkər strukturlarından ibarətdir. Qlikanlar bir və ya bir neçə sadə şəkərdən (məsələn, qlükozadan) ibarət polimerlərdir və hüceyrə səthində mühüm siqnal funksiyası daşıyır. Orqanizmdəki bəzi fermentlər qlikanların fəaliyyətinə təsir edərək hüceyrənin davranışını dəyişə bilir. Məsələn, sulfataza-2 fermenti qlikanların strukturunu dəyişdirərək hüceyrələrin şiş vəziyyətinə keçməsinə şərait yaradır. Bu dəyişiklik baş vermədikcə xərçəng hüceyrələri insan orqanizmində davamlı şəkildə yayıla bilmir.
Qlikanların dəyişdirilməsi immun sistemin fəaliyyətinə də birbaşa təsir edir. İmmunitet normal işlədiyi müddətdə xərçəng hüceyrələrinə qarşı mübarizə aparır. Lakin şiş böyüdükcə həmin hüceyrələr sulfataza-2 fermentinin daha çox sintez olunmasına səbəb olaraq immun reaksiyanı zəiflədir.
Yeni araşdırmada göstərilib ki, heparan-6-O-endosulfataza 2 şəkəri bu prosesi dayandırmaq gücünə malikdir. Həm laboratoriya şəraitində, həm də kompüter modellərində bu maddənin sulfataza-2 fermentini effektiv şəkildə blokladığı sübut olunub. Əvvəllər də bu fermenti hədəf alan birləşmələr tapılmışdı, lakin onların əksəriyyəti qanın laxtalanmasına mənfi təsir göstərirdi. Belə maddələr yüksək dozada istifadə olunduqda, hətta kiçik bir kəsik belə həyati təhlükəli qanaxmaya səbəb ola bilərdi.
Dəniz xiyarlarında aşkarlanan yeni şəkər maddəsi isə problemi yaratmadan fermenti bloklaya bilir. Üstəlik, bu birləşmə təbiətdə geniş yayılıb və təbii yolla əldə edilməsi nisbətən asandır. Trepanqların sahilyanı dənizlərdə geniş yayılması bu şəkərin alınmasını iqtisadi baxımdan əlverişli edir. Hazırda bu maddə sənaye miqyasında istehsal olunmasa da, gələcəkdə onu süni yolla sintez etməklə təbii mənbələrdən asılılıq aradan qaldırıla bilər.
Tədqiqatçılar bildirirlər ki, bu maddənin xərçəngə qarşı istifadəsi hələ ilkin mərhələdədir, lakin əldə olunan nəticələr olduqca ümidvericidir.
Qeyd edək ki, müasir həyat tərzi və ətraf mühit faktorları xərçəng xəstəliyinin yayılmasına təsir edən əsas səbəblərdəndir və bu sahədə yeni müalicə vasitələrinin axtarışı olduqca aktualdır.
Rusiyanın aviaşirkətləri Yaxın Şərq...
Qazaxıstan aviaşirkətləri İran və İraqın...
İsrailin zərbələri nəticəsində İranın...
İranın Ali rəhbəri xalqa müraciət edib...
Beynəlxalq Kosmik Stansiyada hava...