13 iyun 2025, cümə Bakı, 26°C
IMG-LOGO

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

12-06-2025
IMG

Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 1997-ci ildə Amsterdam və Osloda uşaq əməyinin ən pis formalarına qarşı mübarizə və uşaq əməyi problemlərinə dair konfransların nəticələrinə görə təsis edilmiş Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü dünya əhalisinin diqqətini müxtəlif ölkələrdə uşaq əməyi probleminə cəlb etmək məqsədi daşıyır.

Uşaq əməyinin istismarı ilə bağlı qlobal məlumatlılığı artırmaq və bu kimi halların aradan qaldırılması üçün kollektiv fəaliyyəti gücləndirmək məqsədilə 2002-ci ildən bəri hər il iyunun 12-də Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü qeyd olunur. Bu gün təhsil almaq əvəzinə əməyə məcbur edilən uşaqların acınacaqlı vəziyyətinə diqqətin cəlb edilməsinə yönəlib. Əsas fəaliyyət istiqaməti bütün dünyada 14 yaşından kiçik uşaqların evlərdə, dükanlarda, fermalarda, fabriklərdə və digər sahələrdə işləməsi, əksər hallarda yoxsulluq, təzyiq və ya istismara məruz qalması hallarının aradan qaldırılmasına yönəlib.

Fhnews.az BMT-nin məlumatına istinadla xəbər verir ki, bu əlamətdar gündə keçirilən tədbirlər dünya ictimaiyyətinə hər bir uşağın təhsilə, təhlükəsizliyə və sağlam tərbiyəyə çıxışını təmin etmək üçün birgə məsuliyyəti xatırladır. Tərəqqiyə baxmayaraq, milyonlarla uşaq onların əqli və fiziki rifahına təsir edən zərərli şəraitdə işləməkdə davam edir. Günün maarifləndirmə kampaniyasının bir hissəsi olaraq, ekspertlər uşaqların qida təhlükəsizliyi ilə bağlı da xəbərdarlıq edirlər.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Afrika qitəsi həm uşaq əməyində olan uşaqların faizinə görə (25 faiz), həm də istismara məruz qalan azyaşlıların mütləq sayına görə (72 milyon nəfərə yaxın) regionlar arasında ən yüksək yerdədir. Asiya və Sakit Okean regionu hər iki meyar üzrə ikinci yerdədir; burada bütün uşaqların 7 faizi - 62 milyonu istismara məruz qalır. Eyni zamanda, 138 milyon azyaşlının 54 milyonu şaxtalar da daxil olmaqla təhlükəli şəraitdə işləyir.

Afrika, Asiya və Sakit okean regionları birlikdə bütün dünyada əməyi istismar edilən hər on uşaqdan doqquzuna malikdir. Qalan uşaq əməyi göstəriciləri Amerika (11 milyon), Avropa və Mərkəzi Asiya (6 milyon) və ərəb dövlətləri (1 milyon) arasında bölünür. Bundan başqa, Amerika qitəsində uşaqların 5 faizi, Avropa və Mərkəzi Asiyada 4 faizi, Yaxın Şərq regionunda isə 3 faizi əmək istismarı nəticəsində xəstəliklərlə üzləşib.

Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında”, eləcə də “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya edib. Bundan başqa milli qanunvericiliyimizdə 15 yaşından aşağı uşaqların çalışmasına icazə verilmir. Eyni zamanda, Azərbaycanda uşaq əməyinin istismarı hallarına qarşı həm inzibati, həm də maarifləndirmə tədbirləri həyata keçirilir.

Paylaş: