13 iyun 2025, cümə Bakı, 26°C
IMG-LOGO

FHN-in Şimal Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyini keçirib

12-06-2025
IMG

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Keçirilən yarışda Şimal Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış “Komandaların təqdimatı”, “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Quba rayonu Qaraçay kənd tam orta məktəbinin komandası I yerə, Qusar rayonu Atluxan kənd tam orta məktəbinin komandası II yerə, Xaçmaz şəhəri 9 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Paylaş: