11 iyun 2025, çərşənbə Bakı, 25°C
IMG-LOGO

Qaz təchizatına dair yeni qanun layihəsi dövlətin sektorla bağlı siyasətini və tənzimləmə mexanizmlərini müəyyənləşdirir

10-06-2025
IMG

Dövlət siyasəti, ilk növbədə, qaz təchizatı sisteminin davamlılığını, təhlükəsizliyini, səmərəliliyini və ümumi etibarlılığını təmin etməyə yönəlməlidir.

Fhnews.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Sənəddə, eyni zamanda, sektorun idarə olunması və tənzimlənməsi proseslərində şəffaflıq və səmərəliliyin qorunması əsas prinsiplər sırasında yer alır. Layihədə vurğulanır ki, bütün istifadəçilər qaz infrastrukturu və xidmətlərinə bərabər və ayrı-seçkilikdən uzaq şəkildə çıxış imkanına malik olmalıdır. Qaz təchizatı sektorunun dövlət tərəfindən tənzimlənməsində əsas məqsədlərdən biri ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməkdir. Bununla yanaşı, tənzimləmə siyasəti həm qaz təchizatı şirkətlərinin, həm də istehlakçıların maraqlarını balanslaşdırmağa yönəlib. Digər vacib hədəf isə əhalinin fasiləsiz, təhlükəsiz və keyfiyyətli qazla təmin olunmasıdır. Sənəddə qaz təchizatı sahəsində dövlət siyasətinin əsas istiqamətləri, tənzimləmənin məqsədləri və bu sektorda dövlətin konkret funksiyaları müəyyənləşdirilib.

Qanun layihəsində dövlətin qaz təchizatı sahəsində yerinə yetirməli olduğu funksiyalar da ətraflı şəkildə əksini tapıb. Bu funksiyalar sırasında regional əməkdaşlığın genişləndirilməsi, özəl investisiyaların təşviqi və sektorda iqtisadi inkişafın davamlılığının dəstəklənməsi xüsusi önəm daşıyır. Bundan əlavə, inhisarçılıq meyillərinin qarşısının alınması və sağlam rəqabət mühitinin formalaşdırılması da əsas vəzifələrdən biri kimi göstərilir.

Layihədə, həmçinin investisiya üçün əlverişli şəraitin yaradılması, qaz təchizatı infrastrukturunun təhlükəsiz və effektiv istismarı, istehlakçı hüquqlarının qorunması və sektor üzrə dövlət nəzarətinin həyata keçirilməsi məsələlərinə də geniş yer ayrılıb. Tənzimlənən tariflərin formalaşdırılması və iqtisadi əsaslandırılmamış qiymət dəyişikliklərinin qarşısının alınması da dövlətin məsuliyyət dairəsinə daxildir.

Ətraf mühitin qorunması, enerji resurslarından səmərəli istifadə və istehlakçılara yüksək keyfiyyətli xidmətin göstərilməsi ilə bağlı konkret tədbirlər də qanun layihəsində nəzərdə tutulub. Sənədin qəbulunun ölkənin qaz təchizatı sisteminin daha effektiv və şəffaf idarə olunmasına təkan verəcəyi gözlənilir.

Paylaş: