Psixi sağlamlıq sahəsi üzrə dövlət qurumlarına təkliflər veriləcək
Sosial şəbəkələrin monitorinqi psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olan şəxslərə dair tələblərin icrasına nəzarətin artırılması, xüsusilə də belə hüququ olmayan şəxslər tərəfindən internet və sosial şəbəkələr vasitəsilə psixoloji yardım, seans, məsləhət xidmətləri göstərilməsinin qarşısını alan mexanizmlərin işlənib hazırlanmasının zəruri olduğunu göstərməkdədir.
Fhnews.az xəbər verir ki, bu fikirlər Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində işçi qrupun fəaliyyəti çərçivəsində aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələrində əks olunub.
Qeyd edilib ki, işçi qrup tərəfindən aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələri də nəzərə alınmaqla müvafiq dövlət orqanlarına ünvanlanan təkliflər paketinin hazırlanaraq təqdim olunması planlaşdırılır.
Bildirilib ki, sosial şəbəkələrdə özünü psixoloq, parapsixoloq, mental psixoloq, şəxsi inkişaf və uğur mütəxəssisi, mental sağlamlıq eksperti, şüuraltı terapevt, neyrolinqvist, ruh terapisti, hipnoz mütəxəssisi, geştalt terapiya uzmanı kimi təqdim edən çoxsaylı şəxslərin bir qismi müvafiq təhsilə malik olmaları barədə verilən sualı cavablandırmaqdan yayınırlar.
“Psixoloq kimi fəaliyyət göstərənlərin öz feysbuk hesablarında bir çox hallarda yalnız ailə-məişət mövzularına fokuslanması və bununla əlaqədar qeyri-peşəkar fikir, mülahizə və tövsiyələri cəmiyyətdə psixologiya elmi ilə bağlı yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. İnstaqramda müvafiq təhsil və təcrübəyə malik olmayan şəxslərin psixoloq qismində fəaliyyət göstərdiyi çoxsaylı profil və səhifələrin mövcudluğu qeydə alınıb. “TikTok” da isə canlı yayım vasitəsilə müvafiq məsləhətlərin verilməsi, hətta müalicə təyin olunması halları müşahidə edilib”, - deyə vurğulanıb.
Sorğuda, həmçinin qeyd olunub ki, feysbukda tibbi xidmətlər və tibbi məsləhətlər təklif edən onlayn qruplarda psixi sağlamlıq sahəsində tövsiyə və məsləhət istəyən insanlar bir sıra hallarda psixiatr əvəzinə nevroloqlara yönləndirilir, “psixoloq”, “klinik psixoloq”, “psixoterapevt”, “psixiatr” kimi anlayışlar fərqləndirilə bilinmir.
Monitorinq nəticələrinə əsasən həmin sosial şəbəkədə müvafiq qrup və səhifələrdə aparılan müzakirələrin təhlili göstərir ki, peşəkar psixiatriya yardımı və müalicə prosesi ilə bağlı stereotiplər xüsusilə aktualdır. Müalicə prosesində təyin olunan psixotrop dərmanların, xüsusilə antidepressantların asılılıq yaratması, dərman preparatları qəbul edən şəxslərin normal həyat tərzini, əmək fəaliyyətini, həmçinin təhsil almaq imkanlarını məhdudlaşdırması barədə elmi əsası olmayan fikirlər sosial şəbəkələrdə geniş yayılıb.
Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın...
Bakıxanov qəsəbəsində lavaş emalı...
Hərbi geyim formasının qanunla nəzərdə...
Psixi sağlamlıq sahəsi üzrə dövlət...
Mütəxəssis: Pəhriz şəkərli diabet...