Quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə tədbiri aparılacaq
Helikopter vasitəsilə meşə massivləri, dağətəyi və düzənlik ərazilərdə aldadıcı yemlərlə vəhşi heyvanlar arasında növbəti peyvəndlənmə tədbiri həyata keçiriləcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, tədbir zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvafiq təlimata uyğun olaraq, tərkibində quduzluq əleyhinə vaksin olan aldadıcı yemlərin paylanması nəzərdə tutulur.
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Zoologiya İnstitutunun mütəxəssisləri iştirak edəcəklər.
Bu aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir.
AQTA tərəfindən vəhşi heyvanlarda quduzluq xəstəliyinə və peyvəndləməyə dair maarifləndirici poster və bukletlər də hazırlanıb. Həmin materiallarda quduzluq xəstəliyi, xəstəliyə məruzqalma, xəstəliyin əlamətləri, yayılması, peyvəndləmə və peyvəndləmənin faydaları barədə məlumatlar əhalinin diqqətinə çatdırılır. Bildirilir ki, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi heyvan sağlamlığının təmin olunmasına və insanların təhlükəsizliyinə xidmət edir.
Qeyd edək ki, ötən illərdə həyata keçirilmiş peyvəndlənmə tədbirləri xəstəliyə yoluxma dinamikasının azalmasına səbəb olub və regionda tətbiq edilən mütərəqqi təcrübə kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.
Mütəxəssis: Meymunçiçəyi xəstəliyi...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Ötən il icbari tibbi sığorta ilə 84...
Baş Prokurorluq: Kənd təsərrüfatı...
DSMF: Ötən il 251 minə yaxın təyinat...