22 yanvar 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq edəcək

22-01-2025
IMG

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yanvarın 22-də keçirilən iclasında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Fhnews.az xəbər verir ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış "Yaşıl Enerjinin İnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş" üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb. Keçən ilin noyabrında Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı dövlət başçıları tərəfindən imzalanan bu sənəd yaşıl və bərpaolunan enerji mənbələrinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və davamlı inkişaf məqsədlərinə töhfə verilməsi üçün mühüm bir addımdır.

Sazişin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər, bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək. Həmçinin layihə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirərək, bərpaolunan enerjinin Avropaya və digər bazarlara ixracını asanlaşdıracaq. Bu əməkdaşlıq, həmçinin Orta Dəhlizin inkişafına və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu layihə Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır və Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkə arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlığa xidmət edəcək.

Sazişin həyata keçirilməsi məqsədilə "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistan Milli Elektrik Şəbəkəsi" SC arasında "Yaşıl Dəhliz Birliyi" adlı Birgə Müəssisə təsis edilib. Bu müəssisə layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və icrası ilə bağlı zəruri tədbirləri həyata keçirəcək.

Saziş qeyri-müəyyən müddətə bağlanmışdır və bu, tərəflər arasında uzunmüddətli əməkdaşlığın və davamlı inkişaf məqsədlərinin daha effektiv həyata keçirilməsinə imkan yaradacaq.

Saziş çərçivəsində, bərpaolunan enerji sahəsində həyata keçiriləcək layihələrə investisiyalar artırılacaq, Qara dənizdən keçən enerji xətləri üzrə texniki və maliyyə imkanları araşdırılacaq və yeni texnologiyaların tətbiqi ilə enerji istehsalı daha səmərəli hala gətiriləcək. Bu məqsədlə, sazişin icrasını təmin etmək üçün Rəhbər Komitə və İşçi Qrup yaradılacaq. Bu qurumlar layihələrin koordinasiyasını həyata keçirəcək və tərəflər arasında əməkdaşlığın səmərəliliyini artırmaq üçün strateji planlar hazırlayacaq.

Azərbaycan üçün bu saziş enerji tranziti imkanlarını genişləndirmək və yaşıl texnologiyaların tətbiqində lider mövqeyini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Qazaxıstanın zəngin təbii resursları, Özbəkistanın geostrateji mövqeyi və Azərbaycanın geniş enerji infrastrukturu tərəflərə qarşılıqlı fayda təmin edən birgə əməkdaşlıq imkanları yaradır.

Bu saziş yalnız enerji sektorundakı əməkdaşlığı deyil, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı tarixi dostluq münasibətlərini daha da möhkəmləndirərək onları beynəlxalq arenada birgə güc mərkəzinə çevirir. Xüsusilə, enerji təhlükəsizliyinin təmin edilməsi və karbon emissiyasının azaldılması istiqamətində birgə səylər üç ölkənin regionda davamlı inkişaf məqsədlərinə töhfə verməsinə şərait yaradır.

Saziş çərçivəsində yaşıl enerjinin inkişaf etdirilməsi və enerji tranziti üzrə nəzərdə tutulan addımlar, həmçinin Avropa və Asiya enerji bazarlarında tərəflərin mövqeyini gücləndirəcək və regionun iqtisadi potensialının artırılmasına mühüm töhfə verəcək. Bu sənəd yalnız enerji təhlükəsizliyini təmin etməklə kifayətlənməyib, həm də dostluq və strateji tərəfdaşlığı yeni səviyyəyə qaldırmaq üçün geniş imkanlar açır.

Paylaş: