Mütəxəssis: Meymunçiçəyi xəstəliyi yüngül gedişatlı olur
Meymunçiçəyi virusuna qarşı peyvəndlər, ümumiyyətlə, çiçək xəstəliyinə qarşı hazırlanan peyvəndlərdən alınır, çünki hər iki virus genetik cəhətdən çox oxşardır.
Fhnews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Beynəlxalq səhiyyə təşkilatları tərəfindən aparılan araşdırmalara diqqət çəkən mütəxəssis çiçək xəstəliyinə qarşı hazırlanan vaksinlərin, eyni zamanda, meymunçiçəyi xəstəliyinə qarşı effektiv qorunmanı təmin etdiyini bildirib: “Çiçək peyvəndləri eyni ailədən olan ortopoksvirusları hədəf aldığından, meymunçiçəyi virusuna qarşı immun reaksiyası da yaradır. Bu vaksinlər epidemiya riski olan ərazilərdə və ya virusa məruz qalma ehtimalı olan insanlarda qorunmanı təmin etmək üçün istifadə olunur. Peyvəndlər həm xəstəliyin yayılmasının qarşısını almaqda, həm də yoluxma halında xəstəliyin şiddətini azaltmaqda mühüm rol oynayır”.
Mütəxəssis-ekspert qeyd edib ki, ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib: “Meymunçiçəyi virusuna qarşı vaksinlər istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır. Qeyd etmək lazımdır ki, Azərbaycan endemik ölkələr siyahısına daxil deyil”.
Meymunçiçəyi xəstəliyinin ümumiyyətlə yüngül gedişatlı olduğunu vurğulayan Z.Quliyev əlavə edib ki, Qərbi Afrika ştamı daha yüngül simptomlara malikdir: “İmmun sisteminin vəziyyətindən və xəstənin yaşından asılı olaraq bəzi hallarda ağırlaşmalar ola bilər. Xəstəliyin simptomlarına qızdırma, baş və əzələ ağrıları, limfa düyünlərinin böyüməsi, dəri səpgiləri daxildir. Bundan əlavə, virus tənəffüs yollarını yoluxdurarsa, pnevmoniya tənəffüs problemlərinə səbəb ola bilər. Xəstəliyin erkən diaqnozu və müvafiq tibbi yardım bu riski xeyli azaldır. Eyni zamanda, immun sistemi zəif olan xəstələrdə, yanaşı xəstəliyi olan yaşlı insanlarda antiviral terapiya və dəstəkləyici müalicənin sürətlə başlaması vacibdir”.
ANAMA və UNICEF arasında əməkdaşlığın...
Bakıda unlu qənnadı məmulatlarının emalı...
Mütəxəssis: Meymunçiçəyi xəstəliyi...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Ötən il icbari tibbi sığorta ilə 84...