Azərbaycan və Böyük Britaniya XİN başçıları mövcud regional vəziyyəti müzakirə ediblər
Yanvarın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı durumu müzakirə olunub.
Britaniya naziri əvvəlcə 20 Yanvar faciəsi və dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçuş həyata keçirmiş təyyarəmizin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığını bildirib. Britaniyanın faciənin səbəblərinin araşdırılması və təhqiqat prosesində hər zaman dəstək verməyə hazır olduğunu deyib.
Ceyhun Bayramov başsağlığına və göstərilən həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılması üzrə görülən işlər barədə məlumat verib.
Azərbaycanla Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin, iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Britaniya naziri, iqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir bölgədəki mövcud vəziyyət və sülh prosesi barədə məlumat verərək, sülh sazişi və delimitasiya üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında davam edən ərazi iddialarının prosesə əsas maneçilik törədən səbəb olduğunu diqqətə çatdırıb.
Telefon danışığı gedişatında, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin...
Azərbaycanın və Türkiyənin xarici işlər...
Azərbaycan və Böyük Britaniya XİN...
Azərbaycan, Qazaxıstan və Özbəkistan...
Türkiyənin ölkəmizdəki səfiri Qərbi...