“Şəhərdən Kəndə”: Ötən il 203 fermerə təlim keçirilib, 5 aqroturizm təsərrüfatına dəstək göstərilib
Aqroturizmin inkişaf etdirilməsi, təsərrüfat sahibləri üçün əlavə gəlir imkanlarının yaradılmasına xidmət edən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində 2024-cü ildə Masallı, Kürdəmir, Lerik, Lənkəran, Quba, Şəmkir, Qusar rayonları üzrə ümumilikdə, 12 təsərrüfatın qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmədən sonra İsmayıllı və Masallıda 2 aqroturizm təsərrüfatında abadlaşdırma işləri yekunlaşdırılıb, Şabran, Quba və Astarada 3 təsərrüfata dəstək göstərilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, layihədə iştirak üçün əsas meyar olaraq aqrar sahənin mövcudluğu, əraziyə qədər yolun rahatlığı, turistlər üçün istirahət imkanlarının müxtəlifliyi və təsərrüfat sahibinin turistlərlə rəftar baxımından malik olduğu şəxsi keyfiyyətlər nəzərə alınır.
2024-cü ildə dəstək göstərilən təsərrüfatlar üzrə turistlər üçün 8 aqrotur yaradılıb, aqroturların satış şəbəkəsinin genişləndirilməsi məqsədi ilə 19 turizm şirkətinin nümayəndələri üçün infotur təşkil edilib, 91 şirkətin nümayəndələri üçün isə təqdimat keçirilib.
İl ərzində təsərrüfat sahiblərinin “Şəhərdən Kəndə” layihəsi barədə məlumatlılığını artırmaq məqsədilə Lerik, Biləsuvar, Gədəbəy, Tovuz, Daşkəsən rayonlarında 107 fermerə təqdimat keçirilib. Bundan əlavə, daha 203 təsərrüfat sahibi aqroturizmin əsasları, qida məhsullarının etiketlənməsi və markalanması ilə təlimlərə cəlb olunub.
Dəstək göstərilən aqroturizm təsərrüfatlarının tanıdılması məqsədilə fermerlərə media və marketinq dəstəkləri göstərilib, təsərrüfat sahələrində çəkilişlər aparılıb, mediatur və müsabiqələr təşkil edilib.
Qeyd edək ki, 2025-ci ilədək layihə çərçivəsində 342 təsərrüfatdan 391 fermerə aqroturizmlə bağlı müxtəlif mövzularda təlimlər keçirilib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 26 təsərrüfatda təmir-abadlaşdırma işləri aparılıb, təsərrüfatlar müxtəlif avadanlıqlarla təmin olunub, onların fəaliyyətinə marketinq dəstəyi verilib.
“Aqrar Tədarük və Təchizat” ASC-nin “Şəhərdən Kəndə” layihəsi “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilir.
Mütəxəssis: Meymunçiçəyi xəstəliyi...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Ötən il icbari tibbi sığorta ilə 84...
Baş Prokurorluq: Kənd təsərrüfatı...
DSMF: Ötən il 251 minə yaxın təyinat...