Mütəxəssis: Pəhriz şəkərli diabet xəstələrinin müalicəsində ən önəmli amildir
Şəkərli diabet orqanizmdə bir çox ciddi problemin yaranmasında rol oynayan və dünyanın hər yerində rast gəlinən xəstəlikdir. Qanda şəkərin miqdarının çox olması bu xəstəliyin əsas göstəricisidir. Xəstəliyin səbəbi insulin hormonunun ifrazının hər hansı səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumaların insulinə qarşı rezistentlik hala gəlməsidir. Bir çox növü olan şəkər xəstəliyinin ən çox rast gəlinən və adətən 35-40 yaşdan sonra ortaya çıxan “Tip 2” diabetidir. Diabetin bu növündə hüceyrələrdə olan insulin ifraz olunarkən, insulin reseptorlarının fəaliyyətsizliyi səbəbindən insulin hormonuna qarşı həssaslıq itir. Belə olan təqdirdə qlükoza insulin tərəfindən hüceyrələrə daşına bilmir və onun miqdarı qanda çoxalmağa başlayır. Bu vəziyyət ağız quruması, çəki itkisi, bulanıq görmə, ayaqlarda uyuşma, dəridə quruluq, çoxlu su içmək və yeməyə meyllik kimi simptomlarla təzahür edir.
Fhnews.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-endokrinoloqu Aygün Əliyeva deyib.
Xəstəliyin yaranma səbəbləri barədə məlumat verən həkim əlavə edib: “Şəkərli diabet xəstəliyi genetik və ətraf mühit amillərinin təsiri ilə yarana bilir. Əsası “Tip 1” diabet və “Tip 2” diabet olmaqla şəkər xəstəliyi yaranma səbəbinin növünə görə fərqlilik göstərir.
“Tip 1” diabet xəstəliyində genetik amillərin rolu yüksək olsa da, qanda şəkərin tənzimlənməsində rol oynayan insulin hormonu ifraz edən mədəaltı vəzinə zərər verən viruslar və immun sisteminin yaxşı işləməməsi də xəstəliyə səbəb olan faktorlar arasındadır.
Normadan artıq çəki, valideynlərində şəkər xəstəliyinin olması, hərəkətsiz həyat tərzi və stres isə “Tip 2” diabetin yaranma səbəbləridir”.
Pəhrizin şəkərli diabet xəstələrində müalicənin 80 faizini təşkil etdiyinə diqqət çəkən mütəxəssis qeyd edib ki, qidalanma vərdişlərinin dəyişdirilməsi, qlisemik indeksi (Gİ) aşağı olan, az kalorili, lifli, rafinə olunmayan məhsulların istifadəsi məsləhətdir: “Müntəzəm şəkildə edilən fiziki aktivlik, gündə 30-40 dəqiqə sürətli gəzinti məsləhət görülür. Bu zaman bir dəqiqədə 100-120 addım atmalı, zamanla 140-a çatdırılmalıdır. Ürək döyüntülǝri 100-ə çatmalı, tənəffüs tezləşməlidir ki, metabolizma sürətlənsin.
Müalicǝyə gəldikdə isə sadəcə, sağlam qidalanma və idmanla insulin dirǝnci 50-60 faiz hallarda düşür. Ancaq, bəzən diabet riski yüksək olan xəstələrdə hüceyrələrin bədəndə olan insulinə qarşı həssaslığını artırmaq üçün dərman müalicəsinə də ehtiyac olur. Bu, yalnız həkim tərəfindən təyin olunmalıdır”.
Həkim şəkərli diabet xəstələri üçün uyğun olan qidalanmadan da danışıb. Onun sözlərinə görə, pəhriz şəkərli diabet xəstələrinin müalicəsində ən önəmli amildir. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilmir. Xəstə mütləq qidalanma qaydalarına ciddi riayət etməlidir. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür.
Şəkərli diabet xəstəliyi olan insana ac qalmaq olmaz, çünki bu, qanda şəkərin kəskin enməsinə səbəb olur. Nəticədə isə xəstə koma vəziyyətinə düşə bilər. Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır. Adi şəkər və fruktoza qidalanmadan tam çıxarılmalıdır. Tərkibində şəkər və fruktoza olan qənnadı məmulatları belə xəstələr üçün əks-göstərişdir.
Tərkibində xüsusi şəkər əvəzediciləri olan (sorbit, ksilit, aspartam, saxarin və digər) məhsullar şəkərli diabet xəstələri üçün tam ziyansız adlandırmaq olmaz. Bu məhsullar kiçik miqdarlarda və yalnız nadir hallarda qəbul edilə bilər. Konfetlər, peçenye, mürəbbə, cem, şokolad, dondurma rasiondan çıxarılmalıdır. Bal çox faydalı məhsuldur, lakin diabet xəstələri bu məhsuldan imtina etməlidir. Yağlı və qat-qat xəmirdən hazırlanan un məmulatları qəti şəkildə əks-göstərişdir. Həmçinin təbii meyvə şirələri, hətta ağ çörək belə diabet xəstələri üçün təhlükəli hal yarada bilər.
Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın...
Bakıxanov qəsəbəsində lavaş emalı...
Hərbi geyim formasının qanunla nəzərdə...
Psixi sağlamlıq sahəsi üzrə dövlət...
Mütəxəssis: Pəhriz şəkərli diabet...