Türkiyə XİN rəhbəri: Azərbaycan və Özbəkistan ilə münasibətimiz ən yüksək səviyyədədir
Türkiyənin Azərbaycan və Özbəkistan ilə münasibətləri ən yüksək səviyyədədir. Əməkdaşlıq çərçivəsində nəqliyyat və logistika sahələrində əlaqələrin genişləndirilməsi üzrə atılan addımlar xüsusi önəm daşıyır. Bu, 2040-cı ilədək Türk Dövlətləri Təşkilatının (TDT) əsas hədəflərindən biridir.
Fhnews.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair keçirilmiş birgə mətbuat konfransında söyləyib.
O deyib ki, üçtərəfli görüşün iştirakçıları Orta Dəhlizin infrastruktur bazasının möhkəmləndirilməsi üzrə atılan addımları müzakirə ediblər.
H.Fidan qeyd edib ki, hazırda qlobal ticarətin ən böyük payı Avropa və Asiya ölkələrinə düşür. “Türkiyə, Azərbaycan və Özbəkistan vacib nəqliyyat yollarının üzərində yerləşib. Koronavirus pandemiyasının nəticələri və Ukraynada gedən müharibə fonunda Orta Dəhlizin əhəmiyyəti artır. Məhz bu marşrut Avropa ilə Asiya arasında ən təhlükəsiz və iqtisadi baxımdan sərfəli daşınma yoludur. Bu səbəbdən Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyədən keçən nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə birgə addımların atılması zəruridir”, - deyə Türkiyənin XİN rəhbəri vurğulayıb.
Daha sonra o, üç Türk dövlətinin gömrük sahəsində normativ bazasının yaxınlaşdırılması üzrə fikir mübadiləsinin aparılması, rəqəmsal xidmətlərin tətbiqi, həmçinin ticarətdə maneələrin mərhələli şəkildə aradan qaldırılması ilə bağlı təkliflərin müzakirə edilməsi barədə məlumat verib. Nazir diqqətə çatdırıb ki, bu mövzuların texniki səviyyədə müzakirəsi davam etdiriləcək.
Türk dövlətlərinin əməkdaşlığı məsələsinə toxunan Hakan Fidan bildirib ki, cari ildə Türk Dövlətləri Təşkilatının iki mühüm sammitinin keçirilməsi planlaşdırılıb. Bunlardan biri Türk dövlətləri liderlərinin Macarıstanda keçiriləcək qeyri-formal görüşü, digəri isə TDT-nin Azərbaycanda keçiriləcək 12-ci sammitidir.
Türkiyə XİN rəhbəri regional məsələlərə də toxunub. O, Əfqanıstanın təcrid olunmasının yolverilməzliyinin vacibliyini vurğulayıb, Fələstin-İsrail münaqişəsinin 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə həllinə çağırış edib.
Suriyadakı vəziyyətə toxunan Hakan Fidan dünya ictimaiyyətini üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb. Deyib ki, Ankara qardaş Suriya xalqını dəstəkləməyə davam edəcək.
Nazir sonda bildirib ki, Türkiyə-Azərbaycan-Özbəkistan formatında üçtərəfli növbəti görüş Azərbaycanda keçiriləcək.
Bələdiyyə seçkilərinin nəticələrinə...
Özbəkistan XİN rəhbəri: Daşkənd Bakı və...
Türkiyə, Azərbaycan və Özbəkistan...
MSK-nın sədri: Seçkilərin nəticələri...
Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə...