30 yanvar 2025, cümə axşamı Bakı, 9°C
IMG-LOGO

Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan mediasiya institutları arasında memorandum imzalanıb

28-01-2025
IMG

Yanvarın 27-də Türk Dünyası Mediatorlar Birliyinin rəhbərləri Tbilisiyə səfərə gəliblər.

Fhnews.az xəbər verir ki, səfər Gürcüstan Mediatorlar Assosiasiyasının dəvəti ilə baş tutub.

Səfər çərçivəsində Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel, birliyin İdarə Heyətinin sədr müavinləri, Azərbaycan Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Qazaxıstan Mediatorlar Assosiasiyasının baş direktoru Jandildə Yakupov, Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Cavid Hüseynov Gürcüstan Mediasiya Assosiasiyasının sədri İrakli Kandaşvili və qurumun komitə rəhbərləri ilə görüşüblər.

Bildirilib ki, Tbilisiyə səfərin əsas məqsədi region ölkələri arasında mediasiya sahəsində əməkdaşlığı gücləndirmək, mediasiya institutlarının inkişafı və bu sahədə beynəlxalq təcrübə mübadiləsi aparmaqdır.

Görüşdə mediasiyanın əhəmiyyəti və bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər öz ölkələrində mediasiyanın yaranma tarixi, mövcud vəziyyəti, qanunvericilik bazası, tənzimləmə mexanizmləri və qarşılaşdıqları problemlər barədə danışıblar.

Azərbaycan tərəfi ölkəmizdə mediasiya institutunun formalaşması və son illərdə həyata keçirilən islahatlar haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Mediasiya Şurası ölkədə mediasiya institutunun hüquqi tənzimlənməsi və praktiki tətbiqi ilə bağlı beynəlxalq təcrübədən faydalanmaq niyyətindədir.

Eyni zamanda, tərəflər indiyə qədər keçirilmiş mediasiya tədbirləri barədə qarşılıqlı məlumat mübadiləsi aparıblar. Qeyd edilib ki, 2024-cü ilin əvvəlində Türkiyənin Ankara şəhərində 600-dən çox mediasiya mütəxəssisi və hüquqşünasın iştirakı ilə genişmiqyaslı beynəlxalq mediasiya tədbiri keçirilib və bu tədbirdə Azərbaycan Mediasiya Şurası da iştirak edib. Bundan əlavə, bu il Bakıda Türk Dünyası Mediatorlar Birliyinin Qurultayının keçiriləcəyi vurğulanıb.

Tərəflər öz dövlətlərinin artıq bir neçə ildir ki, BMT-nin mediasiya üzrə Sinqapur Konvensiyasına qoşulduqlarını bildiriblər. Bu çərçivədə Sinqapur Konvensiyasının mediasiya sahəsində beynəlxalq və regional əməkdaşlığa təsiri, onun aktuallığı və əhəmiyyəti müzakirə edilib.

Azərbaycan tərəfi də konvensiyaya qoşulmaq məsələsini nəzərdən keçirdiyini bildirib və bu istiqamətdə tərəflər arasında təcrübə mübadiləsi aparılıb.

Görüşün sonunda region ölkələri arasında mediasiya institutlarının inkişafı və əməkdaşlığın gücləndirilməsinə dair memorandum imzalanıb.

Bildirilib ki Memorandum, mediasiya sahəsində birgə fəaliyyətlərin həyata keçirilməsi, mediasiyanın hüquqi bazasının möhkəmləndirilməsi, təcrübə mübadiləsi, tədris və maarifləndirmə proqramlarının həyata keçirilməsi kimi əsas istiqamətləri əhatə edir.

Paylaş: