30 yanvar 2025, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

Postmüharibə dövründə sosial dəstək paketi 130 min şəxsi əhatə edib

28-01-2025
IMG

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,4 min şəxsə birdəfəlik ödəmə təyin olunub, eləcə də şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,8 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib. Bundan əlavə, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 70 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 2263 şəxs 62,9 min reabilitasiya vasitəsi, o cümlədən 491 şəxs 607 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Həmçinin şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 25,3 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,2 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Ümumilikdə postmüharibə dövründə həmin sosial dəstək paketi 130 min şəxsi əhatə edib, onlara dəstəkyönümlü 369 min xidmət göstərilib.

Paylaş: