31 yanvar 2025, cümə Bakı, 9°C
IMG-LOGO

Süni intellekt süd vəzi xərçəngi riskini illər öncədən təxmin edə bilir

30-01-2025
IMG

Norveç Xalq Sağlamlığı İnstitutunun (FHI) araşdırmasına görə, süni intellekt  qadınların süd vəzi xərçənginə tutulma riskini diaqnoz qoyulmazdan illər əvvəl müəyyən edə bilir. FHI  Kaliforniya və Vaşinqton Universitetlərindən olan beş tədqiqatçı 2004-2018-ci illər arasında Norveçdə keçirilən skrininq proqramında iştirak edən 116 495 qadının mamoqrafiya şəkillərini təhlil etmək üçün süni intellekt proqramından istifadə ediblər. Araşdırma nəticəsində məlum olub ki, 1607 qadın bu xəstəliyə tutulub.

Araşdırmaya görə, alqoritm 4-6 il əvvəldən hansı qadınların süd vəzi xərçəngi riski altında olduğunu və hətta hansı döşün daha yüksək risk altında olduğunu müəyyən edə bilib. Skrininq proqramının və AI layihəsinin rəhbəri olan Solveig Hofvind  bildirib ki, xərçəngin inkişaf etdiyi süd vəzinin süni intellekt göstəricisi digərindən təxminən iki dəfə yüksək olub. Bu alqoritmlər erkən diaqnoz üçün istifadə edilə bilər, beləliklə, xərcləri azaldır və yüksək risk qrupları üçün daha effektiv skrininq proqramları yaradır.

Ümumdünya Səhiyyə Təşkilatının  məlumatına görə, 2022-ci ildə 670 min qadın süd vəzi xərçəngindən dünyasını dəyişib. Bu, bütün dünyada qadınlar arasında ən çox yayılmış xərçəng növüdür.

Tədqiqatla bağlı yazı  nüfuzlu tibb jurnallarından biri olan “Journal of the American Medical Association Network”-də dərc olunub. Keçən il Norveçdə başlanan başqa bir layihə süni intellektin 140 min qadın üzərində radioloqlar qədər təsirli olub olmadığını müəyyən etməyi hədəfləyir.

Paylaş: