31 yanvar 2025, cümə Bakı, 9°C
IMG-LOGO

Qlobal və regional ictimai-siyasi proseslərin Azərbaycan cəmiyyətinə təsiri - Məqalə

30-01-2025
IMG

XIX əsrin sonu XX əsrin əvvəllərində başlayan yeniləşmə hərəkatı nəticəsində Azərbaycan xarici ölkələrlə daha fərqli münasibətlər qurmağa başlayıb. Azərbaycanda siyasi həyatın formalaşması bölgənin və Yaxın Şərqin maraq dairəsində olan bir məsələ, eyni zamanda, siyasi problem kimi qarşımıza çıxır. Bu siyasətə Rusiyanın daxil olması ilə Azərbaycanın Osmanlı İmperiyası və İranla olan münasibətləri fərqli mövqe qazanmışdı. Ölkənin Rusiyaya tabe olması onun həm siyasi, həm də sosial həyatına təsir göstərmişdi. Belə ki, milli məsələlər, sosial həyat və ölkə ilə bağlı verilən qərarlarda Azərbaycan xalqının fikri nəzərə alınmırdı.

Bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyevin “Qlobal və regional ictimai-siyasi proseslərin Azərbaycan cəmiyyətinə təsiri” sərlövhəli məqaləsində yer alıb. 

Fhnews.az məqaləni təqdim edir.

İran və Rusiya Azərbaycanı bölüşdürmək üçün zaman-zaman müqavilələr imzalayıblar. Burada Azərbaycanın coğrafi və strateji mövqeyi xüsusi əhəmiyyət daşıyıb. Ölkənin əhəmiyyətli strateji mövqeyə sahib olması tarixin müxtəlif dönəmlərində bölgə dövlətlərini qarşı-qarşıya gətirib. Azərbaycan coğrafi mövqeyi, yeraltı və yerüstü sərvətləri ilə Qafqazda, Mərkəzi Asiyada açar rolunu oynayıb. Bu səbəbdən o, hakim dünya dövlətlərinin daim maraq dairəsində, gündəmində olub. Siyasi və mədəni baxımdan inkişaf edən Qafqazın bu önəmli ölkəsində XIX əsrin sonlarına doğru yüksək təbəqələrdə rus, alt təbəqələrdə İran, 1883-cü ildə Azərbaycanı Rusiya və Qərbi Avropa bazarlarına bağlayan Bakı-Batumi dəmir yolunun açılması ilə isə Osmanlı-Avropa mədəniyyəti təsirli olub.

XX əsrin əvvəlləri əhəmiyyətli tarixi hadisələrə səhnə olub. Rusiyada çarizmin süqutu, Avropa, Asiya, Qafqazda güclənən milliyyətçilik hərəkatları dünya xəritəsinin yenilənəcəyinə işarə idi. Müsəlmanlarla sosialistlər arasında ilk birlik 1901-ci ildə yaradılan Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı komitəsi ilə başlamışdı. Təşkilatın mətbu orqanı olan “İskra” qəzeti gizli yollarla Azərbaycana gətirilərək paylanılırdı. 1904-cü ildə Bakıda S.M.Əfəndiyev, A.M.Stopanin, Fonşteyn, P.A.Çaparidze, M.Ə.Əzizbəyov Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü idilər. Bəzi sosial demokrat və milliyyətçi ziyalılar bolşeviklərin muxtariyyət yaratma fikrini qəbul etsələr də, tamamilə müstəqillik qazanma məsələsində fikir ayrılığı içində olduqlarından M.Ə.Rəsulzadə, M.K.Mirqasımov, A.Kazımov, M.H.Hacınski, N.Nərimanov bir araya gələrək müsəlman-türk aləmində ilk Müsəlman Sosial Demokrat Partiya olan “Hümmət” Partiyasını ərsəyə gətirdilər. Partiya müsəlman türk işçiləri arasında yüksək nüfuza malik idi. Təşkilat Azərbaycan proletar sinfini çar rejiminə qarşı inqilabi mücadiləyə təşviq edirdi. 1904-cü il dekabrın 14-də Bakıda “Hümmət” Partiyası rəhbərliyində tətil komitəsi yaradıldı, “Hümmət” qəzetinin nəşrinə başlanıldı.

Çar rejiminə qarşı üsyanlar işçi sinfi ilə kifayətlənməmiş, 1905-ci ilin yazında Şuşa, Quba, Qazax, Şəki, Lənkəran, Şamaxı, Göyçay, Gəncə, Zaqatala bölgələrində kəndli üsyanları başlamışdı. “Hümmət” Partiyası “Dəvət-Qoç”, “Təkamül” və “Yoldaş” adlı qəzetlər nəşr edərək milli birlik və inqilabçı görüşün siyasi platformasını yaratmışdı. Çarlığa qarşı Rusiyada və ona tabe olan vilayətlərdə keçirilən üsyanlar 1905-ci ildə liberal konstitusiya dövlətinə qarşı inqilaba çevrildi. Çarın 1905-ci ildə çıxarmaq məcburiyyətində qaldığı “Oktyabr manifesti” qismən də olsa, vətəndaş hüquqlarını təminat altına almış, müstəqillik meyillərini gücləndirmişdi. Ölkədəki iğtişaşları aradan qaldırmaq üçün Duma yaradılmış, amma bu Duma da siyasi və ictimai böhranı aradan qaldıra bilməmişdi. Çarlıq Yaponiyaya qarşı savaşa başlasa da, müharibə 1905-ci il sentyabrın 5-də Rusiyanın məğlubiyyəti ilə başa çatdı. Bu savaş, eyni zamanda, Uzaq Şərqdə rusların möhkəmlənməsinin də qarşısını aldı. Rus-yapon müharibəsi ilə asiyalı bir dövlət avropalı dövlət qarşısında zəfər qazandı. Bu məğlubiyyət ölkədə böhranın daha da dərinləşməsinə səbəb oldu.

1905-ci il yanvarın 9-da keşiş Georgi Gapon liderliyində çarın iqamətgahı olan Qış sarayına doğru yürüş edən nümayişçilər Qış sarayı qarşısında çar ordusu tərəfindən güllələndilər. Bu hadisə Rusiya tarixinə “Qanlı bazar” kimi düşdü. Qətliam çarla xalq arasında uçurumun yaranmasına, xalqın saraya və rejimə qarşı inamının sarsılmasına səbəb oldu. Çar idarəsində yer alanların çar əleyhinə olan mitinqçi qruplarla birləşməsi çar rejiminin çökməsi ilə nəticələndi. “Oktyabr manifesti” ilə Dumanın təmin etdiyi hürriyyətdən və hakimiyyət boşluğundan faydalanan Rusiya müsəlmanları və türkləri bu vəziyyəti öz lehinə çevirməyə çalışmışdılar. “Qanlı bazar” və digər siyasi hadisələr Azərbaycandakı milliyyətçiləri, sosial demokratları, bolşevikləri və digər qüvvələri hərəkətə keçirdi.

1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına seçilən Rusiya müsəlmanlarını və türklərini təmsil edən vəkillər 1905-ci il mayın 20-də Rusiya Müsəlmanları İttifaqını yaratdılar. İttifaqın başçısı İsmayıl bəy Qaspiralı, müavinlər isə Əlimərdan bəy Topçubaşov və Yusif Akçuraoğlu idi. İttifaq Rusiya müsəlmanları və türklərinin milli və dini bərabərliyi, anadilli müasir məktəblərin açılması, anadilli mətbuat, islahatların keçirilməsi, idarəçilikdə müsəlman kadrlara daha çox yer verilməsi tələbi ilə Dumada mübarizəyə başladı. Bu məqsədlə Dumada üstünük təşkil edən “Kadet” partiyası ilə işbirliyinə də biganə yanaşmadılar. 1905-ci il avqustun 20-21-də Nijni Novqorodda keçirilən Rusiya Müsəlmanları İttifaqının üçüncü qurultayında ittifaqın Rusiya müsəlmanlarının ortaq məqsəd və mənfəətlərini təmsil edən siyasi partiyaya çevrilməsi qərara alındı, partiya rəhbəri kimi Əlimərdan bəy Topçubaşov seçildi. Partiya idarəçiliyində Krım, Volqa və Ural tatarları üstünlük təşkil edirdi.

Üç fərqli mədəniyyətin mübarizəsinin əsas mərkəzi halına gələn Azərbaycanda 1905-ci il inqilabı ilə formalaşan yeni siyasət, yeni ədəbiyyat və islahatlar yeni bir tarixi mərhələnin başladığını göstərirdi. Bu dönəm və Azərbaycandakı siyasi və ictimai dəyişikliklər mövcud “ümmətçi” anlayışa qarşı “millətləşməyi”, başqa sözlə, milliyyətçiliyi körükləməkdə idi. Azərbaycandakı milliyyətçilik də həm siyasi, həm ictimai dəyişikliklərin nəticəsi idi. Köhnə ictimai quruluşun və həyat tərzinin həlli ilə burjuaziya və ziyalı təbəqə arasında həmrəylik yaranmışdı. Bu birlikdən milliyyətçilik doğmuş, qısa müddət ərzində bu, siyasi hərəkat halını almışdı. Burjuaziya və ziyalıların birliyi nəticəsində nəşr olunan “Kaspi”, “Həyat”, “Füyuzat”, “Təzə həyat” kimi qəzet və dərgilərin sahibi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev və İsa bəy Aşurbəyli idi. Nəşriyyatın imtiyaz sahibi Əlimərdan bəy Topçubaşov, baş redaktoru isə Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu idi. Başlanğıcda dini üslubda irəliləyən, daha sonra türkçülük və azərbaycançılıq yolu ilə davam edən “Həyat” qəzeti, Əli bəy Hüseynzadənin redaktoru olduğu “Füyuzat” dərgisi, Əhməd Ağaoğlunun “İrşad”, “Tərəqqi” qəzeti, Cəlil Məmnədquluzadənin “Molla Nəsrəddin” məcmuəsi xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan ziyalıları, burjuaziyası və mətbuatı ənənəvi düşüncədən uzaqlaşaraq çağdaş milliyyətçi ideologiyaya yaxınlaşmağa, yeni kimlik ətrafında birləşməyə çalışırdı. Milliyyətçi ziyalıların rəhbərliyində olan Azərbaycan mətbuatı milli duyğuları körükləyən bir qüvvə rolunu oynayırdı. Mətbuat milli və ictimai kimliyin formalaşmasına xidmət edən bir platformaya çevrilmişdi. Bunun bünövrəsi hələ öncədən sistemli şəkildə düşünülmüş, ana dilində təhsil verən müasir məktəblər açılmış, təqaüdlər verilərək təhsil sistemini nizama salmaq əsas qayələrdən birinə çevrilmişdir. Bu vəsilə ilə Müsəlman Cəmiyyəti-Xeyriyyə, Səadət Cəmiyyəti, Nəşri-maarif Cəmiyyəti, Füyuzat Darül müəllimi, Nicat Cəmiyyəti, Gəncədə Maarif Cəmiyyəti, Şuşada Xeyriyyə Cəmiyyəti kimi qurumlar açılmışdı. Bu cəmiyyətlər xalqın yardımı ilə Azərbaycanın müxtəlif bölgələrində anadilli məktəblər açaraq yeniləşmə və milliyyətçilik hərəkatına dəstək olmuşdular. Ancaq əsas dəyişiklik üsuli-cədid adlandırılan qərb modelində məktəblərin açılması idi. Cədid məktəblərində ruslaşdırma yox idi, amma müasir “yeniləşmə” anlayışı bir mənada “ruslaşma” və ya “qərbləşmə”nin başqa bir forması kimi görünürdü. Cədid hərəkatı, eyni zamanda, milliyyətçi mahiyyət daşıyan bir hərəkat idi. Əli bəy Hüseynzadə cədidçiliyi “türkləşmək, islamlaşmaq, qərbləşmək” şüarı ilə ifadə etmişdi. Cədid hərəkatı Türkiyə, Qafqaz və Rusiyanın müsəlman-türk ziyalıları arasında əhəmiyyətli körpü rolunu oynamış, əlaqələri gücləndirmişdi. Bu hərəkat Rusiya müsəlmanları arasında gücləri birləşdirmək yönündə təsirli olmuşdu. İsmayıl bəy Qaspiralı, Əhməd Ağaoğlu və Əli bəy Hüseynzadənin də yer aldığı cədid hərəkatı reform tərəfdarı kimi tanınmışdı. Mirzə Bala Məmmədzadənin düşüncə tərzini formalaşdıran “üsuli-cədid” adı ilə tanınan cədid hərəkatıdır. Bu hərəkat təhsil və mədəniyyət sahəsində daha təsirli olub.

Böhran vəziyyətindən doğan hakimiyyət boşluğu Azərbaycandakı çar idarəsinə müxtəlif ünsürlərin təzyiqi və təsirini də asanlaşdırmışdı. Kosmopolit siyasi vəziyyətin yaratdığı qarışıqlıq ölkədə daimi istiqrarın təmin olunmasını çətinləşdirmişdi. 1906-cı ilin avqust ayında Bakıda anarxist kommunistlərin “Bakı Federasiyası”, “Bakı Krasnaya Sotnya” və “Dəmiryol İttifaqı” adlı anarxist qeyri-milli təşkilatları mövcud vəziyyəti daha da mürəkkəbləşdirmişdi.

Çar rejimi Azərbaycan işğalının ilk illərindən bəri bu bölgəyə erməni köçü təşkil edərək etnik və milli problemlərə zəmin hazırlayırdı. Nüfuz, ərazi və coğrafi mövqe baxımından Qafqazın böyük və önəmli ölkə olması Osmanlı imperiyasında yaşayan türklərlə mənşə etibarilə eyni kimliyi, dini paylaşması, rus-osmanlı savaşında azərbaycanlıların Osmanlı imperiyasına yardım etməsi Rusiyanı narahat etmişdi. Azərbaycanlıların Qafqazda möhkəmlənməsi və müstəqillik yolundakı çalışmalarına əngəl olmaq məqsədilə tarixin müxtəlif dönəmlərində ermənilərdən istifadə etmişdilər. Bu vəziyyət erməni milliyyətçilərində Türkiyə və Azərbaycan ərazisində “böyük Ermənistan” dövləti qurmaq xülyası yaratmışdı. Erməni milliyyətçiləri “Xınçaq” və “Daşnaksütyun” təşkilatlarını yaradaraq azərbaycanlılara və türklərə qarşı terror aktı təşkil etmişdilər. 1905-ci ilin fevral ayında Bakıda çar dəstəkli erməni milliyyətçiləri əliyalın xalqa qarşı qətliam törətmişdilər. Hadisənin İrəvan, Naxçıvan, Qarabağ, Gəncə və digər bölgələrdə yayılmasına göz yuman çar idarəsinin bu mövqeyi Azərbaycan xalqının səbir kasasını daşdırmışdı. Xalqın çar idarəsinə olan inamı sarsılmış, özlərini qorumaq məqsədilə öz aralarında təşkilatlanmağa başlamışdılar.

Azərbaycan tarixində ilk dəfə 1905-ci ildə müsəlman-türk həmrəyliyi ilə Əhməd Ağaoğlu rəhbərliyində Gəncədə “Difai” partiyası yaradılmışdı. “Difai” silahsız xalqı ermənilərin hücumlarından qorumaq məqsədilə qurulmuşdu. 1905-ci il inqilabının uğursuz nəticələnməsi və etnik problemlərin gündəmə gəlməsi ilə azərbaycanlı sosialistlərin çoxu tərəf dəyişdirərək milliyyətçi cəbhəyə keçdilər. Həmin ildə Gəncədə Şəfi bəy Rüstəmbəyov tərəfindən “Qeyrət” təşkilatı yaradıldı. Təşkilat milli duyğuların zirvədə olduğu bir dönəmdə mühafizəkar kəsimin dəstəyi ilə milli birlik yaratmağa çalışdı. 1907-ci ilin mayında Tiflisdə azərbaycanlı zabit İbrahim bəy Vəkilov tərəfindən “Müdafiə” təşkilatı yaradıldı. Bu təşkilat xalqı azadlıq mübarizəsi uğrunda birləşdirmək qayəsi daşıyırdı. Məhəmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Nəsib bəy Yusifbəyli, Abbasqulu Kazımzadə və milliyyətçi sosialistlərdən Məşədi Əzizbəyov, Nəriman Nərimanov, Sultan Məcid Əfəndiyev, Fətəli xan Xoyski və digərlərinin iştirakı ilə Sosial Demokrat Fəhlə partiyası, “Hümmət”, “Difai” və “Müsavat” partiyası yaradılmışdı.

Bu partiyalar müəyyən cərəyanlarla bağlı yaranan siyasi, sosial və ictimai zəmin əsasında formalaşmışdı. Ölkələrin ictimai və iqtisadi ehtiyaclarına görə müxtəlif formalarda ortaya çıxan milliyyətçilik Azərbaycanda da fərdin bir millətə mənsub olma şüuru və vətənsevərlik anlayışı ilə sərhədlənməmişdi. Bir cəmiyyətə aid olmağın kökləri qəbilə duyğusuna kimi uzanmaqdadır. Tarix boyunca milliyyətçiliyin mərkəzi ailə, qəbilə, zümrə, sosial nizam, sinif, dini təşkilat, siyasi partiya və nəhayət, millət və dövlət olaraq ortaya çıxmışdı. Azərbaycan toplumundakı milliyyətçilik millətçilik şüuru kimi ifadə edilə bilər. Siyasi mücadilə və istiqlal savaşı 1918-ci il mayın 28-də Müsəlman Şərqində və Türk dünyasında ilk müstəqil cümhuriyyətin qurulması ilə nəticələnmişdi

Paylaş: