Davos Forumu Azərbaycanın iqtisadi imkanlarının dünyaya təqdim edilməsi üçün unikal platformadır ŞƏRH
Yanvarın 20-dən “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında işə başlayan Davos İqtisadi Forumu öz işini başa çatdırsa da, orada müzakirə olunan məsələlər, irəli sürülən təşəbbüslər və qəbul edilən qərarlar ətrafında müxtəlif platformalarda fikir mübadilələri davam etdirilir. 55-ci Dünya İqtisadi Forumuna qatılan Azərbaycan rəsmilərinin, xüsusilə də Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlər, panel iclaslarındakı çıxışları böyük maraqla qarşılandı. Dövlət başçısı İlham Əliyev Forumun ilk günündə CGTN (China Global Television Network) telekanalına müsahibəsində bir çox qlobal xarakterli iqtisadi və siyasi məsələlərə aydınlıq gətirdi.
Fhnews.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Prezidentin CGTN telekanalına müsahibəsində toxunduğu məsələlər, o cümlədən Orta Dəhlizin inkişafı ilə bağlı Azərbaycanın mövqeyi dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb edir: “Dünyanın aparıcı media orqanı olan CGTN telekanalı Azərbaycanın iqtisadi imkanlarını, siyasi baxışlarını, regional və qlobal iqtisadi təşəbbüslərini bütün dünyaya təqdim etdi. Müsahibədən əldə olunan nəticələr təxminən aşağıdakı kimidir. Azərbaycan dünyanın sürətlə inkişaf edən iqtisadiyyatına malik ölkəsi, Cənubi Qafqaz regionunun lider dövlətidir. Region iqtisadiyyatının 80 faizindən çoxu ölkəmizin payına düşür. Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən qlobal əhəmiyyətli enerji layihələri ölkəmizin dünya iqtisadiyyatındakı yerini möhkəmləndirir. Beynəlxalq iqtisadi əməkdaşlıqda etibarlı tərəfdaş imicini qazanan ölkə kimi Azərbaycan tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət və imzalanan hüquqi sənədlər çərçivəsində qurur. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin, sahibkarların hüquqlarının qorunması, əlverişli biznes mühitinin yaradılması, mövcud sosial-iqtisadi sabitlik bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin və şirkətlərin sayına müsbət təsir göstərir. Bütün bunlar ölkə rəhbərliyinin birbaşa göstərişləri, iradəsi və dəstəyi ilə mümkün olub. Xarici siyasi əlaqələrin iqtisadi əməkdaşlıq sferasına uğurlu transformasiyası sayəsində əldə etdiyimiz uğurlar Davos Forumunun təşkilatçıları tərəfindən hər zaman yüksək qiymətləndirilib”.
Mehriban Vəliyeva qeyd edib ki, Forum Azərbaycanın milli maraqlarını, strateji baxışlarını dünyaya təqdim etmək, beynəlxalq iqtisadi nüfuzumuzu daha da artırmaq və müxtəlif sahələrdə yeni tərəfdaşlıq imkanları qazanmaq baxımından unikal platformadır: “Dünyanın aparıcı beyin mərkəzlərinin, nüfuzlu siyasi liderlərinin, iş adamlarının, media nümayəndələrinin də qatıldığı forum dünyanın ən böyük, ən sanballı iqtisadi və biznes əməkdaşlıq mərkəzi hesab olunur. Davosda Azərbaycana, onun liderinə xüsusi diqqət və önəmin verildiyinin bir daha şahidi olduq. Dünyanın bir sıra dövlət başçıları və özəl təşkilat rəhbərlərinin Prezident İlham Əliyevlə görüş təşəbbüsü ilə çıxış etmələri bunun əyani sübutu idi. Dayanıqlı inkişaf yolunu tutan Azərbaycan etibarlı tərəfdaş olaraq dünya ölkələrinin diqqətini cəlb edir”.
Azərbaycan-Türkiyə iqtisadi...
Türkiyə-Azərbaycan-Özbəkistan...
AYNA: Avtobus zolaqlarının uzunluğunun...
Kabel xəttinin oğurlanması Bakı-Ağstafa...
Agentlik: Daha 23 növ rəqəmsal sənədin...