Həkim: İİV infeksiyasının erkən diaqnozu uğurlu müalicə üçün vacibdir
İnsanın immunçatışmazlığı virusu (İİV) orqanizmin immun sistemini zəiflədərək Qazanılmış İmmunçatışmazlığı Sindromuna (QİÇS) səbəb ola bilən ciddi virus infeksiyasıdır.
Bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkim-laborantı Aygün Səfərova açıqlamasında söyləyib.
O bildirib ki, İİV-in erkən diaqnozu infeksiyaya yoluxmuş şəxslərin vaxtında müalicə almasına və ömrünün uzadılmasına imkan yaradır: “İİV-in diaqnostikası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun müasir metodlarla həyata keçirilir. Müayinələr Respublika QİÇS-lə Mübarizə Mərkəzində, regional laboratoriyalarda və könüllü müayinə məntəqələrində ödənişsiz və anonim qaydada aparılır. Dəqiq nəticə əldə etmək üçün müayinə acqarına verilməli, öncədən yağlı və kəskin qidalardan, spirtli içkilərdən uzaq durulmalıdır. İİV infeksiyası əsasən immunoferment (ELISA) metodu ilə aşkar edilir. Yoluxmadan sonra virusun qanda aşkarlanması üçün 2-3 həftədən 6 aya qədər vaxt tələb oluna bilər. İlkin nəticə müsbət olduqda, test yenidən aparılır və təsdiqləyici üsullarla (immunoblot, PZR) yoxlanılır”.
A.Səfərova diqqətə çatdırıb ki, ekspres-testlər 20-25 dəqiqə ərzində ilkin nəticə əldə etməyə imkan verir: “Lakin yanlış müsbət nəticələr baş verə biləcəyi üçün yekun diaqnoz yalnız laboratoriya şəraitində təsdiqlənməlidir. Tibb işçiləri İİV-lə işləyərkən universal təhlükəsizlik qaydalarına riayət etməlidir. Yoluxmuş bioloji materialla təmas baş verdikdə, zədə nahiyəsi dərhal yuyulmalı və heç bir halda spirt və ya yod tətbiq edilməməlidir. Belə hallarda 72 saat ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etmək tövsiyə olunur. İİV infeksiyasının erkən diaqnostikası və müalicəsi yoluxmuş şəxslərin sağlam həyat sürməsinə imkan yaradır. Biz hər kəsi mütəmadi müayinədən keçməyə və risk faktorlarından qorunmağa çağırırıq”.
Vəkillər Kollegiyasında...
BƏƏ-nin Prezidenti Azərbaycanın istehsal...
Bu il 150 əmək yarmarkasının keçirilməsi...
DOST İnklüziv İnkişaf və Yaradıcılıq...
Ötən ay sığortaedənlərin sayı 8 min...