20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında şahmat üzrə çempionat keçirilib

15-02-2025
IMG

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun bazasında Nazirliyin qurumları arasında komanda və şəxsi birincilik üzrə şahmat çempionatı keçirilib.

İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 17 komandasından 80-ə yaxın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıb. Çempionatın baş hakimi Fikrət Sideifzadə tərəfindən idarə olunan turnirdə yığılan xalların ümumi miqdarına görə qalib komandalar və əməkdaşlar müəyyən olunub.

Tədbirin bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib.

Mükafatlandırma mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, şahmat gənclərin həm asudə vaxtlarını səmərəli keçirməsi, həm də intellektual baxımdan formalaşmasında böyük əhəmiyyətə malikdir. Hələ Sovet İttifaqı dövründə şahmatın ölkəmizdə populyarlıq qazanmasında, o cümlədən dünya şahmat tacının Azərbaycana gətirilməsində əvəzsiz xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda güclü şahmat məktəbi yaradılıb, bu idman sahəsi respublikamızda yüksək səviyyəyə qalxıb. Bu proses bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

F.Musayev, həmçinin FHN-in əməkdaşlarının respublika və beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurlardan bəhs edib.

Sonra çempionatda uğur qazanmış komandalar və iştirakçılar təltif olunublar. 5 gün davam edən yarışda Mülki müdafiə qoşunlarının komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olub. Çempionatda ikinci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, üçüncü yerə isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adını Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarət Dövlət Agentliyinin əməkdaşı Ədalət Umudov sahib olub. 2-ci yerə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşı Səid Adıgözəlov, 3-cü yerə isə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Nəriman Umudov layiq görülüb.

Sonda qaliblər kubok, diplom və medalla, çempionatın keçirilməsində obyektiv hakimlik xidmətlərinə görə Azərbaycan Şahmat Federasiyasının Hakimlər Komitəsi, çempionatın əzmkar komandası Xüsusi Rsikli Xilasetmə Xidmətinin komandası fəxri fərmanla təltif olunublar.

Paylaş: