Estoniya astronomu Şamaxı Astrofizika Rəsədxanasında elmi ezamiyyətdə olub
Estoniyanın Tartu Rəsədxanasının astronomu, massiv ulduzların tədqiqi sahəsində tanınmış mütəxəssis, professor Anna Aret Avropa İttifaqının “Horizon 2020” qrant layihəsi çərçivəsində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında bir ay müddətində elmi ezamiyyətdə olub.
Fhnews.az xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, professor Anna Aret rəsədxananın teleskopları ilə tanış olub. Ona 2 metr teleskopda alınmış spektrlərin və 60 santimetr teleskopda alınmış fotometrik təsvirlərin işlənmə metodikası göstərilib. Gələcəkdə bu istiqamətdə tədqiqatların Tartu Rəsədxanasının əməkdaşları ilə birgə aparılması barədə razılıq əldə edilib. Tartu Rəsədxanasının əməkdaşlarının köməyilə Şamaxı Astrofizika Rəsədxanasında verilənlər bazasının yaradılması barədə qərar qəbul edilib. Bu baza Şamaxı Astrofizika Rəsədxanasının dünyanın qabaqcıl rəsədxanaları ilə əməkdaşlıq imkanlarını artıracaq.
Professor Anna Aret Şamaxı Astrofizika Rəsədxanasının elmi seminarında da çıxış edib. O, Tartu Rəsədxanasında aparılan tədqiqatlar, müşahidə zamanı istifadə edilən teleskoplar və köməkçi qurğular barədə geniş məlumat verib.
Qeyd edək ki, son illər bu iki rəsədxana arasında əməkdaşlıq genişlənir. İndiyə kimi Şamaxı Astrofizika Rəsədxanasının 6 əməkdaşı Tartu Rəsədxanasında uzunmüddətli ezamiyyətdə olub və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulur.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...