Azərbaycanın və Somalinin həmkarlar ittifaqları arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli ilə görüşüb.
AHİK-dən verilən məlumata görə, Konfederasiya sədri Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb, imzalanan sənədlərin digər sahələrlə yanaşı, həmkarlar ittifaqlarının əlaqələrinə də müsbət təsir göstərəcəyini qeyd edib.
Görüşdə Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, Konfederasiya tərəfindən reallaşdırılan və icrası nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.
Mohamed Osman Hacı Əli rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb, ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrin qurulmasından məmnunluğunu ifadə edib. Somalili qonaq keçirilən görüşlərin, aparılan təcrübə mübadilələrinin gələcək fəaliyyətləri üçün faydalı olacağını diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin əməkdaşlıq istiqamətləri müzakirə edilib, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Somali Həmkarlar İttifaqları Konqresi arasında işçilərin rifahı, əmək hüquqlarının qorunması və sosial ədalətin təmin edilməsi istiqamətində əlaqələrin inkişafını, qarşılıqlı təcrübə mübadiləsini, əmək və sosial sahədə birgə təşəbbüslərin reallaşmasını və s. məsələləri özündə ehtiva edən Anlaşma Memorandumu imzalanıb.
Sonra Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, ittifaq üzvləri yollayışı asan prosedurlarla və mərkəzləşdirilmiş qaydada “Kurort” Turizm İnformasiya Mərkəzindən əldə edirlər. Bu isə əlçatanlıq, şəffaflıq və növbəlik prinsipinə əsaslanmaqla həyata keçirilir.
Vəkillər Kollegiyasında...
BƏƏ-nin Prezidenti Azərbaycanın istehsal...
Bu il 150 əmək yarmarkasının keçirilməsi...
DOST İnklüziv İnkişaf və Yaradıcılıq...
Ötən ay sığortaedənlərin sayı 8 min...