20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

Aralıq dənizinin dibində ən yüksək enerjiyə malik olan kosmik neytrino aşkar edilib

13-02-2025
IMG

Siciliya yaxınlığında, Aralıq dənizinin dərinliklərində tikilməkdə olan rəsədxanadan istifadə edən alimlər kainatın ən kataklizm hadisələrinin bəzilərini anlamaq yolunda daha bir mühüm kəşfə imza atıblar. Burada rekord həcmdə enerjiyə malik kosmik neytrino adlanan kabus kimi subatomik hissəcik aşkarlanıb.

Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, neytrino olaraq bilinən atomaltı hissəciyin əlamətləri dənizin minlərlə metr dibində qalan teleskop tərəfindən işıq çaxmaları kimi çəkilib.

KM3-230213A adlandırılan neytrino indiyə qədər tapılan növbəti ən enerjili analoqundan azı 20 dəfə çox enerji buraxır. Amma alimlər bu gün Yerdə mövcud olan hissəciyin mənşəyini və yaranma səbəbini bilmirlər. Melburn Universitetinin nəzəri fiziki Nikol Bell bu tapıntını həyəcan verici adlandırıb.

Hissəciyin mənşəyi sirdir, çünki KM3-230213A kimi yüksək enerjili neytrinoların Günəşin ənənəvi neytrino mənbələrindən gəlməsi ehtimalı azdır. Onları aşkar etmək olduqca çətindir. Neytrinolar fizika elminə məlum olan ən kiçik və yüngül maddə hissəcikləridir, habelə heç bir elektrik yükü daşımır. Onlar, demək olar ki, işıq sürəti ilə hərəkət edirlər və maneəsiz bütün planetləri keçə bilirlər. Alimlər müəyyən ediblər ki, vücudumuzdan hər saniyə keçən trilyonlarla neytrino var.

ARCA adlanan cihaz Siciliya yaxınlığında 3450 metr dərinlikdə yüksək enerjiyə malik neytrinoları tapmaq üçün nəzərdə tutulub. Digər aparat - ORCA Fransanın Provans əyaləti yaxınlığında 2450 metr dərinlikdə aşağı enerjili neytrinoları aşkar etmək üçün istifadə olunur. Yeni tapıntı bu günədək aşkar edilmiş hər hansı digər neytrinodan 30 dəfə, foton adlanan işıq hissəciklərindən bir katrilyon dəfə və dünyanın ən böyük və ən güclü hissəcik sürətləndiricisi olan Cenevrə yaxınlığındakı Böyük Adron Kollayderinin yaratdığı hissəciklərdən 10.000 dəfə daha çox enerjiyə malikdir.

Paylaş: