30 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Son iki ili əhatə edən iş elanlarının təhlili aparılıb

30-04-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiymətləndirmək məqsədilə iş elanlarının genişmiqyaslı kəmiyyət təhlilini aparıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son iki ili əhatə edən 25 min 678 vakansiya nəzərdən keçirilib və ən çox tələb olunan beş prioritet peşə istiqaməti müəyyən edilib. Bunlar satış təmsilçisi, mühasib, kredit mütəxəssisi, işə qəbul üzrə mütəxəssis və satış planlanması üzrə olan istiqamətlərdir.

Təhlillər göstərir ki, həmin peşələr üzrə işçi qüvvəsinə daha çox ehtiyacın olması əmək bazarının genişlənməsi və struktur dəyişiklikləri ilə sıx bağlıdır. Vakansiyaların hər dördündən biri topdan və pərakəndə ticarət sahəsində fəaliyyət göstərən müəssisələrə aiddir. Bank sektoru isə 9,2 faizlik payla vakansiya sayına görə ilk onluğa liderlik edir. Həmin sektor həm yeni iş yerlərinin yaradılması, həm də işçi dəyişkənliyinin yüksək olması ilə seçilir.

Araşdırma göstərir ki, iş elanlarının 76,2 faizində iş təcrübəsi tələb olunur, minimum iş təcrübəsi tələbi isə 1-2 il arasında dəyişir. Vakansiyaların 67,2 faizində ali təhsilin əsasən bakalavr səviyyəsi tələb olunur.

Məvacib göstəricilərinə gəldikdə, qeyd edilən vakansiyadan yalnız 8,4 mininə yaxınında əməkhaqqı qeyd edilib. Onlarda təklif olunan məvacib 400-7000 manat arasında dəyişir.

Paylaş: