30 aprel 2025, çərşənbə Bakı, 14°C
IMG-LOGO

“Ecotracker” mobil tətbiqinin növbəti təqdimatı olub

30-04-2025
IMG

Aprelin 30-da “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırlanmış “Ecotracker” mobil tətbiqinin 300 nəfərin iştirakı ilə “Zoom” onlayn platformasında növbəti təqdimatı keçirilib.

Fhnews.az xəbər verir ki, təqdimat zamanı “Ecotracker” mobil tətbiqinin istifadəçilərə təqdim etdiyi əsas funksiyalar ətraflı şəkildə izah olunub və onun təhsil sistemində, tullantıların səmərəli şəkildə çeşidlənməsində və atmosferə buraxılan karbon izinin azaldılması barədə interaktiv məlumat verilib.

Tədbirdə ekspert qismində iştirak edən Beynəlxalq Bərk Tullantılar Assosiasiyasının (ISWA) nümayəndəsi Aditi Ramola çıxış edərək bu sahədəki qabaqcıl dünya təcrübəsini bölüşüb və iştirakçıların suallarını cavablandırıb.

Təqdimat zamanı tətbiqin interaktiv canlı nümayişi keçirilib, onun əsas funksiyaları və istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Bundan əlavə, tədbir iştirakçıları ilə tətbiqin gələcək inkişaf perspektivləri və onun təhsil sisteminə daha sıx inteqrasiya olunması imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Ecotracker” ölkəmizdə “Zero Waste” (Sıfır Tullantı) konsepsiyası ilə yanaşı, dayanıqlı həyat tərzinin təbliğinə xidmət edən ilk milli mobil tətbiq olaraq, xüsusilə gənc nəsil arasında ekoloji şüurun yüksəldilməsi, davamlı davranış vərdişlərinin formalaşdırılması və hər bir fərdin ekoloji məsuliyyətinin artırılması kimi mühüm məqsədləri özündə birləşdirir.

“Ecotracker” müasir texnologiyanın məhsulu olmaqla yanaşı, həm də ekoloji düşüncə tərzinin cəmiyyətimizin gündəlik vərdişlərinə çevrilməsinə xidmət edən innovativ və əhəmiyyətli bir platformadır.

Paylaş: