Zərifə xanım Əliyevanın zəngin elmi irsi Azərbaycan Milli Elmlər Akademiyasına böyük töhfədir-məqalə
Nurlu əməlləri, yaşayan arzuları ilə 1923-cü il aprel ayının 28-də Azərbaycan tibb elminin yaradıcısı, görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva Azərbaycanın qeyrət və idraklıq, ağıl və dərrakəlik, həkimlik və pedaqoqluq zirvəsidir.
Fhnevs.az xəbər verir ki, bu fikirlər AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin "Zərifə xanım Əliyevanın zəngin elmi irsi Azərbaycan Milli Elmlər Akademiyasına böyük töhfədir" sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Akademik Zərifə xanımın “Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi”, “Kəskin virus konyuktivitləri”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və s. əsərləri elmdə əvəzolunmaz yer tutmaqdadır.
Onu da qeyd edək ki, Zərifə xanım Əliyeva ilk dəfə iriddiaqnostikaya aid kitabları yazmış, görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmışdır. Dünya şöhrətli oftalmoloq akademik A.Nesterov demişdir: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Oftalmologiyada o, bir nömrəli idi”. Akademik N.Puçkovskaya isə bildirmişdir: “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi”. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq, “biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik” demişdir.
Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva: “Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti insan dəyərlidir”.Tibb elmləri doktoru, professor Z.Skripniçenko: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi”.
Akademik Zərifə xanım qeyri-adi bir ana idi. Zərifə xanım oğlu İlham Əliyevə çox bağlanaraq, onun böyüməsi və təhsili ilə bağlı şəxsən iştirak edirdi. Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə laboratoriya yaradılmış, geniş elmi tədqiqatlar aparılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə xanım Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.”
Etik-fəlsəfi meyarlara dərindən hörmətlə yanaşan, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın böyük elmi irsi, oftalmologiyanın sahələri üzrə apardığı tədqiqatlar, ərsəyə gətirdiyi fundamental əsərlər Azərbaycan elminə böyük töhfədir.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi bütün alimlər üçün dərindən öyrənilməli məktəbdir. Akademik İsa Həbibbəyli “Zərifə xanım Əliyeva ölkəmizi keçmiş Sovetlər İttifaqında və onun hüdudlarından kənarda da oftalmologiya üzrə elmi tədqiqat işləri aparılan nüfuzlu mərkəzə çevirmişdir. Zərifə xanım Əliyeva dünya tibb elminə yeni müalicə üsulları gətirmiş, bu istiqamətdə apardığı tədqiqatları təkcə nəzəri müddəalarla deyil, həm də o müddəaları formalaşdırmaqda ona əsas verən təcrübə ilə əlaqələndirməklə fərqlənmişdir”, - deyə söyləmişdir. Akademik Zərifə xanım Əliyeva tibb sahəsindəki şərəfli fəaliyyətinə, bu sahədə həyata keçirdiyi elmi fəaliyyətinə görə, SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdü.
Onu da qeyd edək ki, Təzəpir məscidinin günbəzinin təmirə ehtiyacı olduğu zaman, Zərifə xanım özünün şəxsi vəsaiti ilə Təzəpir məscidinin günbəzini təmir etdirdi, Gəncədəki “İmamzadə” ziyarətgahının bu günə kimi gəlib çatmasında Zərifə xanımın zəhməti olub. Ulu Öndər Heydər Əliyevin öz ömür-gün yoldaşı, Zərifə xanım Əliyevaya olan sonsuz sevgisi bütün nəsillərə örnəkdir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm”. Zərifə xanımın qəbirüstü heykəlinin açılışı günü Ulu Öndər Heydər Əliyevin ürək ağrısı, sarsıntısı, böyük sevgisi bütün gənclərə nümunədir. Akademik Zərifə xanım Əliyevanın əsərləri, elmi nailiyyətləri, pedaqoqluğu, ümumilikdə dahi bir insan kimi daim yaşayacaq və gələcək nəsillərə ötürüləcəkdir.
Ölkə ərazisində yağıntılı və küləkli...
Zərifə xanım Əliyevanın zəngin elmi irsi...
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...
DSMF “Pan Finance Awards 2025”...
Azərbaycan əməyin mühafizəsi sahəsində...