Azərbaycan əməyin mühafizəsi sahəsində fəal dövlət siyasətinə malikdir
Bu gün Ümumdünya Əməyin Mühafizəsi Günüdür
Bu ilki Ümumdünya Əməyin Mühafizəsi Günü “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusuna həsr olunub.
Fhnews.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. Məqsəd işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına ictimaiyyətin diqqətinin artırılmasıdır.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ əksini tapıb. Ulu Öndərin tapşırığı əsasında ölkəmizin əmək və məşğulluq sahəsində qanunvericilik bazası yaradılıb. 1997-ci ildə Azərbaycanda vətəndaşların əmək, o cümlədən əməyin mühafizəsi hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu yaradılıb. 1999-cu ildə isə yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun olan, əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərini də əhatə edən Əmək Məcəlləsi təsdiq edilərək qüvvəyə minib.
Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti ölkəmizdə məşğulluq imkanlarının ildən-ilə artmasına imkan yaratmaqla, işçilərin təhlükəsiz və sağlam əmək şəraitdə çalışmasını nəzərdə tutan dövlət siyasətinin də daim güclənməsini təmin edib. Bu sahədə BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malik olan Azərbaycan ötən dövrdə bu Təşkilatın 60-a yaxın Konvensiyasını, o cümlədən əməyin mühafizəsi ilə bağlı sənədlərini ratifikasiya edib. Həmin Konvensiyalardan irəli gələn prinsiplər əsasında ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına, eyni zamanda, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına dövlət nəzarəti həyata keçirir. Qurum, eyni zamanda bu sahədə ardıcıl maarifləndirmə işləri aparır. Bu il də Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Xidmətin təşkilatçılığı ilə bölgələrdə 400-dən çox işəgötürənin nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, əməyin mühafizəsi üzrə yeni qəbul edilmiş standartlar ilə bağlı ətraflı məlumatlar verilib.
Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən də işəgötürənlərə əməyin mühafizəsi və təhlükəsizliyi sahələrində təlim və məsləhət xidmətləri, metodiki dəstək göstərilir. 2022-ci ildə istifadəyə verilən "Əmək və Məşğulluq" altsistemi ilə bütün əmək münasibətlərinin e-platformaya keçidi təmin olunub. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində də rəqəmsal həllərin tətbiqi məqsədilə son illər mühüm addımlar atılıb.
Qeyd edək ki, rəqəmsallaşma və süni intellektin tətbiqi iş mühitinə də təsir edir və layiqli əməyin təmin edilməsində, əməyin təhlükəsizliyində bu amilin diqqətdə saxlanması xüsusi önəm kəsb edir. Ona görə də əməyin mühafizəsi sahəsində ənənəvi iş üsulları ilə bərabər, yeni çağırışlara uyğun müasir yanaşmaların tətbiqi də vacibdir. Qeyd edilənlər nəzərə alınmaqla BƏT tərəfindən bu ilki Ümumdünya Əməyin Mühafizəsi Günü də “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusuna həsr olunub.
Ölkə ərazisində yağıntılı və küləkli...
Zərifə xanım Əliyevanın zəngin elmi irsi...
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...
DSMF “Pan Finance Awards 2025”...
Azərbaycan əməyin mühafizəsi sahəsində...