28 aprel 2025, bazar ertəsi Bakı, 11°C
IMG-LOGO

Vəkillər Kollegiyasının nümayəndələri beynəlxalq konqresdə ətraf mühit problemlərinin müzakirəsində iştirak ediblər

28-04-2025
IMG

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin dəvəti ilə “Ətraf mühit hüququnun müasir problemləri” mövzusunda keçirilən beynəlxalq konqresdə iştirak edib.

Kollegiyanın mətbuat xidmətindən verilən məlumata görə, konqres 15-dən çox ölkədən hüquqşünas alimləri və vəkillərinin iştirakı ilə keçirilib. Konqresdə Dokuz Eylül Universitetinin dekanı professor Mehmet Refik Korkusuz çıxış edərək tədbirin əhəmiyyətindən və ekoloji hüquq sahəsində beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb.

Həmin universitetinin rektoru professor Bayram Yılmaz iqlim dəyişikliyi, təbii resursların sürətli tükənməsi və ekosistemlərin məhv olmasının bəşəriyyət üçün ciddi təhlükələr doğurduğu və həmin problemlərin qarşısının alınmasında yalnız texniki və texnoloji yanaşmaların kifayət etmədiyini bildirib. O, ətraf mühitin qorunması sahəsində hüquqi mexanizmlərin, yəni ekologiya hüququnun gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ARVK Vəkillərin İxtisas Komissiyasının sədri hüquq elmləri doktoru Turqay Hüseynov insan hüquqları ilə iqlim dəyişikliyi arasındakı əlaqəyə toxunaraq qeyd edib ki, iqlim dəyişikliyi insanların həyat və sağlamlıq hüququ, təmiz su və ərzağa çıxış kimi fundamental hüquqlarını birbaşa təsir altına alır. Ətraf mühitin mühafizəsi artıq yalnız ekoloji məsələ deyil, həm də insan hüquqlarının qorunması baxımından da mühüm əhəmiyyət daşıyır. İqlim ədaləti konsepsiyası iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı ən həssas olan əhali qruplarının hüquqlarının müdafiəsini və bu təsirlərin ədalətli şəkildə bölüşdürülməsini ön plana çıxarır. O, beynəlxalq və milli məhkəmələrin bu sahədə məsuliyyətinin müəyyənləşdirilməsi və ədalətli qərarların qəbul edilməsindəki rolunu xüsusi vurğulayıb.

ARVK-nın sədri Anar Bağırov “Vəkillərin ekoloji hüquq normalarının tətbiqində rolu” mövzusundakı çıxışında iqlim dəyişikliyinin təkcə ekoloji deyil, həm də hüquqi çağırış olduğunu bildirib. Qeyd olunub ki, bu sahədə beynəlxalq sənədlər və konvensiyalar ətraf mühitin qorunmasında hüquqi öhdəliklər müəyyən edir. Azərbaycanın Konstitusiyası və qanunvericiliyi sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin edir və bu sahədə müasir hüquqi baza formalaşdırılıb. Ətraf mühitlə bağlı hüquqların effektiv təminatı və pozulmuş hüquqların bərpası üçün vəkillərin hüquqi bilik və bacarıqları həlledici əhəmiyyət daşıyır. Həmçinin Qarabağda təxminən 30 ilə yaxın davam edən işğal dövrü təkcə ərazi bütövlüyünə və insanların fiziki təhlükəsizliyinə deyil, həm də bölgənin ekoloji balansına, təbii sərvətlərinə və ümumilikdə ətraf mühitə ciddi və bərpaolunmaz ziyanlar vurduğu bildirilib.

ARVK-nın nümayəndə heyəti Dokuz Eylül Universitetində hüquq təhsili təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onları maraqlandıran sualları cavablandırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Kollegiyanın sədri Avropa Hüquqşünas Tələbələr Assosiasiyasına (ELSA) göstərdiyi dəstəyə görə təşəkkür edib. Dokuz Eylül Universitetinin Hüquq fakültəsinin azərbaycanlı doktorantı, ELSA İzmirin rəhbəri Camal Abbasov Kollegiya sədri Anar Bağırovu ELSA İzmir adından təltif edib.

Həmçinin səfər çərçivəsində ARVK nümayəndələri müxtəlif ölkələrdən olan hüquqşünaslar, vəkillər və hüquqşünas alimlərlə görüşlər keçirib. Görüşlərdə ətraf mühit hüququ sahəsində aktual problemlər, müasir yanaşmalar və qabaqcıl təcrübələri müzakirə edilib, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, hüquq sahəsində davamlı islahatlar, vəkillərin peşəkar hazırlığının artırılması və iqlim dəyişikliyi ilə bağlı hüquqi mexanizmlərin tətbiqi sahəsində fikir və təcrübə mübadiləsi aparılıb.

Paylaş: