Zibilliklərin, mazut gölməçələrinin, qurumuş kol-kosun yandırılmasının qarşısı alınmalıdır
Havalar getdikcə istiləşir. Bir azdan bu gün göz oxşayan yamyaşıl otlar qupquru quruyacaq. Təbii ki, bu da adi ehtiyatsızlıqdan, yerə atılan söndürülməmiş siqaret kötüyündən yanğınların baş verməsinə, qamışlıqların, mazut gölməçələrinin, zibilliklərin yanmasına səbəb ola bilər.
Yay mövsümündə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və “101” nömrəsinə hardasa zibilliklərin, mazut gölməçələrinin, qurumuş kol-kosun yanması ilə bağlı məlumat daxil olur. Yaşayış evlərində, iri ticarət müəssisələrində, zavodlarda və digər böyük obyektlərdə baş verən yanğınlar insanları həyəcanlandırdığı halda, zibilliklərin, mazut gölməçələrinin, qurumuş otun, kol-kosun yanması coxlarına əhəmiyyətsiz görünür və hətta həmin hadisələr yanğınların ümumi qeydiyyatına salınsa da, vahid statistik uçota alınmır.
Əslində isə hər bir yanğın fövqəladə hadisədir. Yanğının böyüyü, kiçiyi yoxdur. Çünki çox vaxt böyük yanğınlar kiçik yanğınlardan törəyir. Əgər yol kənarında qurumuş ot, kol-kos yanaraq meşəyə keçirsə və yüzlərlə hektar meşə sahəsi məhv olursa, yaxud biçilmiş, məhsulu yığılmış taxıl sahəsi yandırılırsa və bu yanğın ot tayasına, evə keçirsə, mazut gölməçəsi yanaraq, ətrafı qara tüstü bürüyürsə və ekologiyaya ziyan dəyirsə, buna əhəmiyyətsiz yanğın demək olmaz.
Fövqəladə Hallar Nazirliyində “112” və “101” telefon nömrələri vasitəsilə daxil olan hər bir məlumata, o cümlədən yanğın hadisəsinə fövqəladə hadisə kimi çox önəm verilir. Yanğın haqqında məlumat daxıl olan kimi dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin hadisəyə ən yaxın məsafədə yerləşən yanğın hissəsi məlumatlandırılır. Həyəcan siqnalını hər saniyə hazır vəziyyətdə gözləyən əməkdaşlar heç bir dəqiqə keçməmiş su ilə dolu yanğın avtomobillərində hadisə yerinə yollanırlar. Yanğının həcmi kiçik olsa da vaxt itirilir, əmək, yanacaq sərf olunur, dövlət vəsaiti xərclənir. Biz hələ hər yanğından sonra yanğın avtomobilinin istismar xərcini, yenidən su ilə doldurulmasını, yuyulub təmizlənməsini, yanğın şlanqlarının qurudulmasına sərf olunan yanğınsöndürən əməyini və s. demirik. Axı onlar bu enerjini, əməyi insanların səhlənkarlığı, bəzən də qəsdən yandırdığı zibilliklərin, qurumuş, otların, kol-kosun, qamışlığın, mazut gölməçələrinin, biçilmiş taxıl sahələrinin söndürülməsinə deyil, digər baş verən yanğınların söndürülməsinə sərf edə bilərlər.
Göründüyü kimi məişət tullantılarının, qurumuş kol-kosun, biçilmiş taxıl sahələrinin, mazut gölməçələrinin yandırılması yolverilməzdir və bu kimi yanğınlar ya onun törədəcəyi fəsadları bilməməzlikdən, yaxud da bilərəkdən törədilir. Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 244-1 maddəsinə əsasən, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə və hüquqi şəxslərin 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.
Əkin sahələrinin yandırılması, həmçinin nəticə etibarı ilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına gətirir. Həmçinin, əkin sahələrinin, qurumuş kol-kosun yandırılması yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində və meşə ərazilərində yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olur. O cümlədən mazut gölməçələrinin yandırılması ekologiyanın çirklənməsinə, insanların sağlamlığına təsir edir. Odur ki, ərazilərin zibildən, kol-kosdan, yanar tullantılardan təmizlənməsinə nəzarət edilməli, əhali və yerli özünüidarəetmə orqanları arasında bu istiqamətdə mütəmadi qaydada maarifləndirmə və təbliğat işləri aparılmalı, bu cür yanğınların qarşısı alınmalıdır.
Rövşən Bəkirov,
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına
qarşı təbliğat şöbəsinin baş təlimatçısı
Zibilliklərin, mazut gölməçələrinin,...
Xilasedicilərin psixoloji hazırlığının...
Novruz şənliklərində yanğın...
Elektrik təsərrüfatının texniki istismar...
Fövqəladə Hallar Nazirliyi son günlər...