15 may 2025, cümə axşamı Bakı, 16°C
IMG-LOGO

FHN meşələrin yanğın təhlükəsizliyinə dair silsilə maarifləndirmə tədbirləri keçirib

15-05-2025
IMG

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təngərud, Sığırlı, Ağcabədi, Beyləqan, Soltanbut-2 və Şəmkir meşəbəyliklərində, 15 saylı Regional Meşə Təsərrüfatında, Xaçmaz rayonu, Yalama kəndinin ərazisində yerləşən Samur-Yalama Milli Parkında meşələrin yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı mərkəzlərinin məsul əməkdaşları, sözügedən meşə təsərrüfatlarının yerləşdiyi rayonların icra hakimiyyətlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin səlahiyyətli şəxsləri və yerli sahibkarlar iştirak ediblər.

Tədbirlərdə meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, xüsusilə qarşıdan gələn yay fəslində mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş qabaqlayıcı tədbirlər barədə geniş məlumat verilib. Milli sərvətimiz olan meşələrin qorunması üçün hər kəsin təhlükəsizlik qaydalarına riayət etməsinin, o cümlədən müvafiq vəzifəli şəxslərin üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, meşə və meşəətrafı ərazilərdə yanğın hallarının baş verməməsi üçün insanların, o cümlədən sahibkarların və yaxınlıqda yaşayan kənd sakinlərinin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin zəruriliyi diqqətə çatdırılıb.

Tədbirlərdə suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazilərdə sahələrin 6-8 metr enində şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.

Paylaş: