Baş Prokurorluqda prokurorluq orqanlarında görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib
Mayın 15-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının məsul şəxslərinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə çıxış edən Baş prokuror bu ilin dörd ayı ərzində prokurorluq orqanlarının fəaliyyəti və görülmüş işləri təhlil edərək qarşıda duran vəzifələrə dair bir sıra tapşırıqlar verib.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu və banisi olduğu müasir Azərbaycanda Prezident İlham Əliyevin çağdaş dövrün çağırışlarına uyğun islahatlar həyata keçirməsi hüquq sahəsində də müasirləşməni təmin edib və həmin islahatlar prokurorluq orqanlarının fəaliyyətinə müsbət təsirini göstərib, xidməti fəaliyyətdə keyfiyyət və səmərəlilik nəzərəçarpacaq dərəcədə yüksəlib. Lakin əldə olunmuş nailiyyətlərlə kifayətlənilməməli, mövcud vəziyyət təhlil edilməklə, habelə qabaqcıl beynəlxalq təcrübə öyrənilərək fəaliyyətin daha da səmərəli olması üçün tədbirlərin icrası davam etdirilməlidir.
Çıxış zamanı həmçinin qeyd olunub ki, prokurorluq orqanları tərəfindən dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşı mübarizə bundan sonra da gücləndirilməli, cinayətkarlığın bütün növlərinə qarşı mübarizə sahəsində və qanunçuluğun qorunmasında digər hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət davam etdirilməlidir.
Baş prokuror prokurorluğun qanunla müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə, o cümlədən prosessual rəhbərlik və prosessual nəzarət, ibtidai araşdırmanın keyfiyyətinin və tezliyinin artırılması, qətimkan tədbirlərinin seçilməsi, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması sahəsində işin səmərəliliyinin artırılması istiqamətində konkret göstərişlər verib.
Bundan başqa, Baş prokuror əhalinin hüquqi biliyinin artırılması istiqamətində konkret sahələr üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin, ali təhsil müəssisələrinin hüquq fakültələri ilə gənc hüquqşünaslarının yetişdirilməsi işində yaxından əməkdaşlıq edilməklə tədris prosesində prokurorluq əməkdaşlarının iştirakının davam etdirilməsinin vacibliyini vurğulayıb.
Çıxış zamanı, həmçinin ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb və prokurorluq əməkdaşları tərəfindən xarici ölkələrdə təlim-tanışlıq tədbirlərində iştirak etməklə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinin təmin edilməsinin vacibliyi qeyd olunub.
Baş prokuror tərəfindən “Elektron Prokurorluq” informasiya sisteminin bütün prokurorluq orqanlarında tətbiq olunduğu, həmin sistemin, həmçinin cinayət-prosessual fəaliyyətin rəqəmsal müstəviyə keçməsinə imkan verdiyi bildirilməklə müasir çağırışlara uyğun olaraq sistemin daim təkmilləşdirilməsi və mümkün fəaliyyət istiqamətləri üzrə süni intellektin tətbiq edilməsi imkanlarının nəzərdən keçirilməsi ilə bağlı göstərişlər verilib.
Müşavirə zamanı xidməti fəaliyyətin konkret sahələri üzrə yol verilmiş nöqsanlar səsləndirilməklə onların aradan qaldırılması istiqamətində görülməli işlər, qarşıda duran vəzifələr barədə də geniş müzakirələr aparılıb.
Yekunda Baş prokuror prokurorluq əməkdaşlarının bundan sonra da Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə üzərlərinə düşən vəzifələri layiqincə icra edəcəklərinə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, cinayət təqibi və cinayət təqibindən kənar icraatın həyata keçirilməsində qanunların icrasına nəzarəti ən yüksək səviyyədə həyata keçirəcəklərinə əminliyini ifadə edib.
FHN-in Muğan Regional Mərkəzi nümunəvi...
Baş Prokurorluqda prokurorluq...
İşğaldan azad olunan ərazilərə köçürülən...
FHN meşələrin yanğın təhlükəsizliyinə...
FHN-in Cənub Regional Mərkəzi təlim...